Gələn ay ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Noyabrın 11-dən 22-dək olan dövrü əhatə edəcək bu beynəlxalq tədbirə ev sahibliyi edəcək Azərbaycan hazırda ciddi hazırlıq mərhələsindədir.
Ümumiyyətlə, COP29 gələcək üçün nə vəd edir?

Fatma Yıldırım: COP29 iqlim dəyişiklikləri ilə qlobal mübarizədə dünya ölkələrinin həmrəylik tədbiri olacaq
Deputat, COP29-un keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvü Fatma Yıldırım Bakıvaxtı.az-a bildirib ki, hazırda COP29-un keçirilməsi ilə əlaqədar dövlətimiz tərəfindən beynəlxalq müstəvidə fəal iş aparılır, müxtəlif təşkilatlarla əməkdaşlıq çərçivəsində bir sıra sənədlər imzalanıb ki, burada da məqsəd COP29-un yüksək səviyyədə keçirilməsi və qlobal iqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq birliyin həmrəyliyinə nail olmaqdır.
Onun sözlərinə görə, iqlim dəyişiklikləri artıq bütün dövlətlər qarşısında qlobal çağırış olaraq dayanır ki, buna görə də deyə bilərik ki, dünyada ən irimiqyaslı tədbir olan COP-un keçirilməsi birtərəfli məsələ deyil.
“İqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür. Şübhə yoxdur ki, etibarlı tərəfdaş olan Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişikliyi ilə mübarizədə yeni Azərbaycan modelini yaradacaq. Ölkəmizin ev sahibliyi edəcəyi COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verəcək. Azərbaycan kimi digər bütün ölkələr də bu problemin həllinə töhfə verməlidirlər. Bu nöqteyi-nəzərdən ölkəmizdə keçiriləcək COP29 mühüm beynəlxalq platformaya çevriləcək”.
F.Yıldırımın sözlərinə görə, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib və həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Deputat vurğulayıb ki, prezident tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də tarixi bir qərar oldu və Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir.
“Hesab edirəm ki, COP29 iqlim dəyişiklikləri ilə qlobal mübarizədə dünya ölkələrinin həmrəylik tədbiri olacaq. Bu məqsəd üçün çalışan Azərbaycanın təşəbbüsləri ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq. COP29-da qəbul olunacaq qərarlar beynəlxalq ictimaiyyətin uzunmüddətli birgə səylərini özündə ehtiva edəcək. Azərbaycan bu prosesdə dünya ölkələri, o cümlədən qonşuları ilə fəal əməkdaşlıq edəcək. Bu amil ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə səbəb olacaq. Çünki məhz birgə əməkdaşlıq sayəsində qarşıda dayanan hədəflərə nail olmaq mümkündür”.

Vüqar Rəhimzadə: Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizəyə verdiyi töhfələri dünya ictimaiyyətinə çatdıracaq
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Rəhimzadə isə bildirib ki, Azərbaycanın günün əsas çağırışlarını özündə ehtiva edən beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını alıb. Onun sözlərinə görə, bu, ölkəmizin bütün sahələrdə uğurlu inkişafından, zəngin təcrübəyə malik olmasından, ən əsası qlobal problemlərin həllinə töhfələr vermək səylərindən irəli gəlir.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı mübarizəyə töhfələri beynəlxalq səviyyədə təqdir edilir:
“COP29-un Azərbaycanda keçirilməsi barədə qəbul olunan qərar da ölkəmizin nüfuzunun, prezident İlham Əliyevə göstərilən etimadın və inamın, eyni zamanda, Azərbaycanın milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasının, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”.
Müsahibimiz vurğulayıb ki, tarixi zəfəri və suverenliyini tam bərpa etməsi ilə yeni reallıqlar yaradan Azərbaycan həmişə olduğu kimi, bu gün də yeni əməkdaşlıq formatlarının müəllifi kimi, ölkələr, xalqlar arasında körpu rolunu oynamaqdadır:
“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dostlarımızın bütün qitələrdə sayı artır. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz daha da inkişaf edir və edəcək”.
COP29 zamanı onminlərlə xarici nümayəndənin ölkəmizə gələcəyini deyən deputat qeyd edib ki, bu gün istər ölkə, istərsə də dünya mətbuatında əsas müzakirə mövzularından biri COP29-un gələcək üçün nə vəd etməsidir.
Deputat nəzərə çatdırıb ki, COP29 konfransında Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizəyə verdiyi töhfələri əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq və bütün dünyanı bu qlobal çağırış, həmrəylik ətrafında birləşdirəcək. Əlverişli coğrafi mövqeyi və bölgədə yaratdığı yeni reallıqları ilə diqqəti cəlb edən Azərbaycanda keçiriləcək qlobal iqlim konfransının ekoloji tarazlığın qorunmasına böyük təsiri olacaq və müzakirə olunacaq konkret məsələlər müsbət nəticəsini verəcək.
O, konfransın təşkilində əsas məqsədlərdən birinin də yoxsul ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə dəstək göstərmək olduğunu vurğulayıb. Həmsöhbətimiz izah edib ki, iqlim dəyişikliyi ilə mübarizənin başlıca şərti maliyyələşdirmə işlərinin düzgün təşkilidir və COP29-un iqlimin maliyyələşdirilməsi kimi mühüm məsələyə həsr olunması Azərbaycanın artan iqtisadi qüdrətinin, humanizm siyasətinin, multikultural dəyərlərə sadiqliyinin nəticəsidir:
“Buna görə də iqlim maliyyəsinin ədalətli bölüşdürülməsi ilə əlaqədar bütün ümidlər Bakıda gerçəkləşəcək COP29-a yönəlib. COP29 kimi dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş mövqeyini təsdiqləyir”.
Mina Mikayılova
















