Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı müzakirələr yenidən intensivləşib. Bu kontekstdə Ermənistanın cənubunun şimal ilə Naxçıvan üzərindən dəmir yolu vasitəsilə birləşdirilməsi ideyası xüsusi diqqət çəkir.
Regional güclər və beynəlxalq aktorlar bu kimi layihələrin yalnız iqtisadi deyil, həm də siyasi nəticələr doğuracağını anlayaraq prosesə ehtiyatla yanaşır. Bu təşəbbüsün gündəmə gəlməsi təsadüfi deyil və post münaqişə mərhələsində formalaşan yeni reallıqların davamı kimi qiymətləndirilir. Xüsusilə nəqliyyat dəhlizləri üzərində nəzarət, tranzit imkanları və regional inteqrasiya məsələləri bu müzakirələrin mərkəzində dayanır. Layihənin həyata keçməsi halında yalnız Ermənistanın deyil, Azərbaycanın və ümumilikdə regionun iqtisadi xəritəsinin dəyişəcəyi ehtimal olunur.
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, bu layihə ilk növbədə Ermənistanın daxili nəqliyyat sistemindəki parçalanmanı aradan qaldıra bilər. Onun sözlərinə görə, ölkənin cənub və şimal hissələri arasında birbaşa bağlantının yaranması iqtisadi aktivliyi artırar:
“Eyni zamanda Ermənistan üçün tranzit ölkə kimi çıxış etmək imkanı formalaşar. Bu isə regionda iqtisadi rəqabət balansını müəyyən qədər dəyişə bilər”.
Politoloq hesab edir ki, layihə həyata keçərsə, yük və sərnişin daşımalarında vaxt və məsafə baxımından ciddi qənaət əldə olunar. Ümumilikdə bu təşəbbüs regional iqtisadi inteqrasiyanı sürətləndirə biləcək potensiala malikdir.
Dediyinə görə, yeni dəmir yolu xətti regionda alternativ logistika marşrutu kimi çıxış edə bilər. Bu isə mövcud marşrutlara düşən yükü müəyyən qədər azaldar və rəqabət mühiti yaradar:
“Nəticədə daşımaların maya dəyəri aşağı düşə və xidmət keyfiyyəti yüksələ bilər. Region ölkələri üçün daha çevik və şaxələndirilmiş nəqliyyat şəbəkəsi formalaşar. Bu cür əlaqələr Şərq ilə Qərb arasında yük axınının optimallaşdırılmasına da töhfə verə bilər. Ümumilikdə logistika sisteminin daha dayanıqlı və elastik olması təmin olunar”.
Layihənin reallaşmasının Azərbaycan və Ermənistan münasibətlərinə təsirinə gəlincə, həmsöhbətimiz qeyd edib kii, bu layihə iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün real platforma yarada bilər:
“Əgər tərəflər bu marşrut üzərindən qarşılıqlı fayda əldə edərsə, bu, münasibətlərdə müəyyən yumşalma yarada bilər. Çünki iqtisadi maraqlar çox vaxt siyasi gərginliyi azaltmaq üçün stimul rolunu oynayır”.

Züriyə Qarayeva: Layihənin taleyi birbaşa siyasi iradədən və qarşılıqlı etimaddan asılıdır
Digər tərəfdən, layihənin icrası zamanı nəzarət və təhlükəsizlik məsələləri ciddi müzakirə mövzusu olacaq. Bu məsələlər düzgün tənzimlənməzsə, yeni gərginlik ocaqları yarana bilər. Ona görə də layihənin taleyi birbaşa siyasi iradədən və qarşılıqlı etimaddan asılıdır.
Bu təşəbbüsün reallaşması üçün əsas risklər və maneələr nələrdir? Z.Qarayeva bildirib ki, ən böyük risklərdən biri tərəflər arasında etimadın hələ də zəif olmasıdır. Bu cür iri infrastruktur layihələri uzunmüddətli sabitlik tələb edir. Təhlükəsizlik və suverenlik məsələləri xüsusilə həssasdır və hər iki tərəf üçün prinsipial əhəmiyyət daşıyır.
“Bundan əlavə, regional və qlobal güclərin maraqları da prosesə təsir göstərə bilər. Maliyyələşmə və texniki icra məsələləri də müəyyən çətinliklər yarada bilər. Bütün bu amillər nəzərə alınmadan layihənin uğurla həyata keçirilməsi çətin görünür”, - deyə Züriyə Qarayeva əlavə edib.
Zülfü Məmmədov
Bakı 




