Son günlərdə yayılan məlumatlara görə, İran ABŞ ilə gərginliyi azaltmaq üçün təkliflərini Pakistan vasitəsilə çatdırmağa çalışır.
Bu iddialar rəsmi şəkildə təsdiqlənməsə də, İranın xarici işlər naziri Abbas Əraqçının İslamabada səfəri və ABŞ Prezidenti Donald Trampın “yeni təkliflər” aldıqlarını deməsi bu ehtimalı gücləndirir. Paralel olaraq regionda hərbi gərginlik tam səngiməyib, dəniz blokadası davam edir və əsas müzakirə mövzusu yenə də Hörmüz boğazı üzərindən keçir. Bu vəziyyət faktiki olaraq münaqişəni yalnız hərbi deyil, həm də iqtisadi və geosiyasi müstəviyə keçirir.
Burada diqqət çəkən əsas məqam tərəflərin bir-birinə nə təklif etməsi yox, prosesin necə idarə olunmasıdır. İran danışıqları mərhələləndirməyə çalışır və ilk olaraq blokadanın aradan qaldırılmasını istəyir. Bu yanaşma klassik diplomatik məntiqdən fərqlənir, çünki Tehran əvvəlcə qarşı tərəfdən addım gözləyir və yalnız bundan sonra qarşılıq verməyə hazır olduğunu göstərir. ABŞ isə əksinə, əvvəl risklərin aradan qalxmasını və regionda sabitliyin təmin olunmasını tələb edir. Bu ziddiyyət danışıqları formal olaraq davam etdirilsə də, real nəticəyə yaxınlaşdırmır.
Digər tərəfdən, məsələ artıq yalnız dövlətlərarası razılaşma səviyyəsində deyil. İranda qərarvermə prosesində SEPAH-ın təsiri artdıqca diplomatik manevr imkanları daralır. Bu qurum üçün Hörmüz sadəcə iqtisadi arteriya deyil, həm də strateji təzyiq alətidir. Ona görə də boğaz üzərində nəzarət ideyası daxili siyasi balansın da bir hissəsinə çevrilib. Bu isə danışıqları daha da mürəkkəbləşdirir, çünki qarşı tərəf tək bir siyasi iradə ilə deyil, fərqli güc mərkəzlərinin təsiri altında olan sistemlə üzləşir.
Hazırkı şəraitdə tərəflərin qarşısında iki real seçim var. Ya qarşılıqlı etimad yaratmaq üçün məhdud və texniki razılaşmalarla irəliləmək, ya da gərginliyi uzadaraq bir-birini iqtisadi və psixoloji təzyiq altında saxlamaq. İkinci yol uzunmüddətli perspektivdə heç bir tərəfə üstünlük qazandırmır. Ona görə də ən real ssenari geniş razılaşma yox, daha çox vəziyyəti idarə etmək üçün minimal razılıqların əldə olunmasıdır. Bu isə o deməkdir ki, yaxın dövrdə tam həll yox, yalnız münaqişənin dondurulmuş forması ilə üzləşmək ehtimalı daha yüksəkdir.
Ruslan Zəngəzur
Bakı 




