• Bakı 19° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Azərbaycanın Latın Amerikası açılımı: Bakıdan Mexikoya uzanan yeni əməkdaşlıq xətti

WUF13

21 May 2026 | 12:46

Azərbaycanın Latın Amerikası açılımı: Bakıdan Mexikoya uzanan yeni əməkdaşlıq xətti

Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində Azərbaycan və Meksika nümayəndələri arasında keçirilən görüş diqqət çəkən diplomatik təmaslardan biri oldu. Görüş zamanı şəhərsalma, postmünaqişə bərpası, urban transformasiya və dayanıqlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Xüsusilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi Böyük Qayıdış Proqramı və yenidənqurma təcrübəsi beynəlxalq maraq doğuran mövzulardan biri kimi ön plana çıxdı. Eyni zamanda növbəti forum olan WUF14-ün Mexikoda keçiriləcək olması Bakı ilə Mexiko arasında dialoqu daha da aktuallaşdırdı. Məsələ yalnız şəhərsalma əməkdaşlığı ilə məhdudlaşmır, burada yeni siyasi və iqtisadi əlaqə imkanları da görünür.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva hesab edir ki, bu tip platformalar artıq klassik diplomatiyanın alternativ və daha çevik istiqamətlərindən birinə çevrilir.

Onun sözlərinə görə, Azərbaycan və Meksika arasında əməkdaşlıq üçün ilk növbədə şəhərsalma və urban idarəetmə sahəsində ciddi potensial var. Politoloq bildirib ki, Azərbaycan son illərdə postmünaqişə zonalarında tamamilə yeni şəhər və kənd modelləri formalaşdırır və bu təcrübə beynəlxalq maraq doğurur:

"Xüsusilə ağıllı şəhər və yaşıl enerji əsaslı infrastruktur layihələri artıq bir çox ölkələrin diqqətindədir. Meksika isə böyük şəhərlərin idarə olunması, sosial urban problemlərin həlli və meqapolis təcrübəsi baxımından fərqli imkanlara malikdir. Bu iki fərqli təcrübənin bir araya gəlməsi qarşılıqlı faydalı əməkdaşlıq modeli yarada bilər. Paralel olaraq turizm, təhsil, mədəniyyət və logistika sahələrində də münasibətlərin genişlənməsi mümkündür".

WUF kimi beynəlxalq platformaların siyasi münasibətlərə təsirinə gəlincə, müsahibimiz qeyd edib ki, bu gün beynəlxalq forumlar artıq sadəcə tədbir xarakteri daşımır və müəyyən mənada yumşaq diplomatiyanın əsas alətlərindən birinə çevrilib. Dövlətlər belə platformalarda yalnız öz layihələrini təqdim etmirlər, eyni zamanda siyasi əlaqələr üçün etimad mühiti formalaşdırırlar:

"WUF kimi tədbirlərdə liderlər, nazirlər, bələdiyyələr, beynəlxalq təşkilatlar və ekspertlər eyni masada toplaşır. Bu isə klassik diplomatik kanallardan daha sürətli və daha çevik əlaqə imkanları yaradır. Azərbaycanın son illərdə COP, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda fəallığı da göstərir ki, Bakı qlobal dialoq mərkəzi rolunu gücləndirməyə çalışır. Belə forumlar nəticədə siyasi münasibətlərin iqtisadi və strateji əməkdaşlığa keçməsi üçün zəmin yaradır".

Züriyə Qarayeva: Son dövrdə Azərbaycanın coğrafi şaxələndirmə xətti açıq şəkildə hiss olunur

"Bu görüşlər Azərbaycanın Latın Amerikası siyasətinə necə təsir göstərə bilər" sualına cavab verən Z.Qarayeva bildirib ki, Azərbaycan uzun illər daha çox region və Avropa istiqamətində aktiv siyasət yürüdürdü, amma son dövrdə coğrafi şaxələndirmə xətti açıq şəkildə hiss olunur. Latın Amerikası bu baxımdan Bakı üçün yeni diplomatik və iqtisadi istiqamətlərdən biri hesab oluna bilər. Meksika kimi böyük regional aktorla təmasların artması digər Latın Amerikası ölkələri ilə də münasibətlərin inkişafına təsir edə bilər.

Həmsöhbətimiz bildirib ki, burada enerji, kənd təsərrüfatı, logistika və humanitar əməkdaşlıq imkanları da diqqət çəkir. Azərbaycanın Qoşulmama Hərəkatı dövründə inkişaf etməkdə olan ölkələrlə qurduğu əlaqələr indi yeni platformalarda davam etdirilir:

"Bu proses Bakının qlobal Cənub siyasətinin genişlənməsi kimi də qiymətləndirilə bilər".

Azərbaycanın postmünaqişə bərpa modeli beynəlxalq nüfuz baxımından nə qazandırır?

Z.Qarayeva bildirib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi yenidənqurma proqramını artıq yalnız daxili layihə kimi təqdim etmir. Bakı bunu beynəlxalq səviyyədə bir inkişaf və bərpa modeli kimi nümayiş etdirməyə çalışır:

"Çünki söhbət yalnız binaların tikilməsindən getmir, burada yeni iqtisadi model, yaşıl enerji yanaşması və rəqəmsal idarəetmə sistemi qurulur. Xarici nümayəndə heyətlərinin Qarabağa səfərlərinin artması da bunun göstəricisidir. Bu model uğurlu hesab olunarsa, Azərbaycan postmünaqişə bərpası sahəsində təcrübə ixrac edən ölkəyə çevrilə bilər. Bu isə ölkənin beynəlxalq siyasi imicinə və diplomatik çəkisinə əlavə təsir göstərən amillərdən biridir".

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

20 May 2026