• Bakı 22° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycan-Türkiyə münasibətlərini pozmaq üçün dezinformasiyalara əl atılır - Fərid Şəfiyev

SİYASƏT

15 Sentyabr 2026 | 13:37 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan-Türkiyə münasibətlərini pozmaq üçün dezinformasiyalara əl atılır - Fərid Şəfiyev

“Bir çox hallarda Azərbaycan-Türkiyə münasibətlərini pozmaq, kölgə altına salmaq istiqamətində dezinformasiyalara əl atılır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin  Bakıda  təşkil etdiyi "Türk dünyası dialoqlar: Ortaq gələcək, ortaq vizyon" adlı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məsələlərdə diqqətli olmalıyıq.

F.Şəfiyev qeyd edib ki, Azərbaycan Yaxın Şərqdə vasitəçilik missiyasını həyata keçirərkən Türkiyənin mövqeyini və maraqlarını nəzərə alır. Onun sözlərinə görə, Azərbaycan istər  İsrail-Türkiyə münasibətlərində, istərsə də İsrail parlamentində “erməni soyqırımı” məsələsində fəaliyyəti bunun bariz nümunəsidir:

“Ümumiyyətlə, bu çərçivədə əlaqələndirmə məsələsi, o cümlədən xarici siyasət sahəsindəki fikirlər artıq müəyyən çərçivədə, bəzi bəyanatlarda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində məsləhətləşmələr vasitəsilə həyata keçirilir. Əsas məqsəd isə vahid və koordinasiyalı mövqedən çıxış etməkdir. Bu, tamamilə təbii və vacib bir prosesdir. Biz bu fəaliyyətləri təkcə bu platformada deyil, digər müstəvilərdə də genişləndirməyə və davam etdirməyə niyyətliyik".

Mərkəz rəhbəri dezinformasiya ilə mübarizəyə dair yeni yaradılmış "C6" platformasından da (Mərkəzi Asiya + Azərbaycan)​ danışıb. Dediyinə görə, Türkiyənin özünəməxsus coğrafiyası və tarixi əlaqələri var:

“O, Yaxın Şərqdə və Balkanlarda öz fəaliyyətini göstərir, müxtəlif layihələr həyata keçirir. Azərbaycan Türkiyə ilə sıx əlaqədə olduğu üçün Türkiyənin həmin regionlardakı mövcudluğu bizim varlığımızı da daha görünən və sabit edir.

​Bənzər şəkildə, Mərkəzi Asiyada da bizim tarixi, dini və dil bağlılıqlarımız mövcutdur. Türk Dövlətləri Təşkilatı bu istiqamətdə fəal fəaliyyət göstərir. Lakin Mərkəzi Asiya yalnız türk dilli dövlətlərdən ibarət deyil, məsələn, Tacikistan da var. Tacikistan Azərbaycan üçün dost və yaxın ölkədir. "C6" platforması bizə imkan verir ki, bu coğrafiyada tam tərkibdə fəaliyyət göstərək”.

“​Şübhəsiz ki, Türkiyənin olmadığı platformalarda Azərbaycan var və Azərbaycan müvafiq şəkildə Türkiyənin də maraqlarını, mövqeyini nəzərə alır, müdafiə edir” deyən Fərid Şəfiyev qeyd edib ki, bütün bu fəaliyyətlər daha da əlaqələndirilməli, gücləndirilməli və beynəlxalq platformalarda, eləcə də media, dezinformasiya ilə mübarizə və humanitar sahələrdə birgə fəaliyyət davam etdirilməlidir.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026