Tehranda yüksək səviyyəli rəsmiyə qarşı törədilən hücum və regionun digər qaynar nöqtələrində müşahidə olunan gərginliklər Cənubi Qafqaz-Yaxın Şərq xəttində təhlükəsizlik balansının getdikcə daha da həssaslaşdığını göstərir. Hadisələrin paralel şəkildə baş verməsi, aktorlararası rəqabətin dərinləşməsi və geosiyasi maraqların kəsişməsi regionu yeni risk mərhələsinə daşıyır.
Mövcud proseslərin hansı istiqamətdə inkişaf edəcəyi və yaxın perspektivdə ortaya çıxacaq nəticələr həm regional güclərin siyasi-hərbi davranışından, həm də qlobal oyunçuların müdaxilə dərəcəsindən asılı olacaq.
Bu kontekstdə baş verənlər yalnız lokal insident kimi deyil, daha geniş miqyaslı təhlükəsizlik arxitekturasının yenidən formalaşmasının tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İrfan deyib ki, İran müharibəsi hələ bir neçə ay davam edəcək:
"Yüksək rəsmi şəxsləri tədricən ABŞ aradan götürərək prezident Məsid Pezeşkianın yolunu açacaq. Müharibədən əvvəlki ilk etiraz dalğası başlamamış Pezeşkian xalqa açıq şəkildə etiraf etdi ki, onlara verdiyi vədləri siyasi sistemin mahiyyətinə görə yerinə yetirə bilmir. Beləcə prezidentə mane olan sistemi dəyişmək üçün həm xalq ayaqlandı həm də kənar müdaxilə baş verdi. Nəticədə isə prezidentin fəaliyyətinə mane olan bir qrup adam tələf edilsə də hələ maneələr qalmaqdadır".
Onun sözlərinə görə, əsasən hərbi dairə və SEPAH birbaşa prezidentə maneə yaradır:
"Yəni, İranda sivil hakimiyyət ön plana çıxıb ABŞ ilə normal danışıqlar aparmaq şəraiti yaranana qədər sərt ritorikada olan bütün siyasilər, hərbi fiqurlar zərərsizləşdiriləcək. Bu günlərdə prezident danışıqlarla bağlı müəyyən işarələr verir. Lakin bu hələ müayinədir. Dərhal radikal və mühafizəkar hakimiyyət dairələri, rejimin hərbi qolu etiraz edir. Demək prezident işarə verir ki, hələ hazır deyilik, təmizləmək lazımdır. Beləcə bütün yollar açılana qədər proses davam edəcək".

Tural İrfan: Ərəb ölkələri İranın hərbi, İsrail və ABŞ-nin isə siyasi hədəfindədir
Həmsöhbətimiz vurğulayıb ki, ABŞ və İsrail hərbi qüvvələri İran rejimi təmsilçiləri arasında heç kəsi qara qaşına görə salamat saxlamırlar:
"Əgər prezident indiyə qədər toxunulmaz qalıbsa bu da sübut edir ki, ABŞ sivil xalqın nümayəndəsi olaraq onunla tərəf-müqabil olmaq istəyir. Cənubi Qafqazda gərginlik gözlənilmir. Çünki İranın müttəfiqi Rusiyaya təhlükə yaradacaq yeni cəbhə açması özünün də ziyanınadır. Eyni zamanda ABŞ üçün də bu qorxulu nəticə verə, əsas planı poza bilər".
Tural İrfan onu da deyib ki, sadəcə İsrail Türkiyəni müharibəyə cəlb etmək üçün səylər göstərir:
"Hesab edirəm ki, bu cəhdlər fayda verməz. Amma Yaxın Şərqdə durum ağırlaşacaq. Hazırda ABŞ və İsrailin siyasi hədəfi Körfəz ölkələridir. Açıqca onlara deyilir ki, İranla müharibənin finansını təşkil etsinlər. Ərəb ölkələri İranın hərbi, İsrail və ABŞ-nin isə siyasi hədəfindədir. Türkiyə və Pakistan başçılığında alyans, ittifaq qurub təhlükəsizlikləri üçün birlik formatında ortaya çıxmasalar vəziyyət ciddiləşə bilər".
Əli Hüseynov
Bakı 




