Azərbaycanın sabiq kənd təsərrüfatı naziri, Elçibəy hakimiyyətinin tanınmış simalarından olmuş Tofiq Hüseynli – ictimaiyyət arasında daha çox “Qara Tofiq” kimi tanınan dövlət xadimi bu gün doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.
Bakıvaxtı.az xəbər verir ki, vida mərasimi Tovuz rayonunun Qovlar qəsəbəsində keçirilib. Mərhum doğmalarının, yaxınlarının, silahdaşlarının və rayon sakinlərinin iştirakı ilə son mənzilə yola salınıb.
Bəlli olduğu kimi, Tofiq Hüseynli dünən uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Musavat.com-un əldə etdiyi məlumata görə, Tofiq Hüseynli son səkkiz ilə yaxın müddətdə İsveçdə yaşayıb, həmin ölkədən siyasi sığınacaq almışdı. Səhhətinin kəskin pisləşməsi səbəbindən bir müddət əvvəl Ankaradakı xəstəxanalardan birinə yerləşdirilmişdi. Həkimlərin vəziyyətini ümidsiz qiymətləndirməsindən sonra o, təxminən üç gün əvvəl doğulduğu Tovuz rayonuna gətirilmişdi.
Siyasi mühacir statusunda olmasına və Azərbaycana girişi ilə bağlı hüquqi məsələlərin mövcudluğuna baxmayaraq, Azərbaycan dövləti onun ağır sağlamlıq durumunu nəzərə alaraq ölkəyə girişinə mane olmayıb. Tofiq Hüseynli son nəfəsini doğulduğu Qovlar qəsəbəsində verib.
Tofiq Hüseynli Azərbaycanın müstəqilliyinin ilk illərində ölkənin siyasi həyatında fəal iştirak edib. O, 1992–1993-cü illərdə Prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. Daha əvvəl isə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olub. Sərt idarəçilik üslubu və prinsipiallığı səbəbindən xalq arasında “Qara Tofiq” ləqəbi ilə tanınıb.
1993-cü ildə hakimiyyət dəyişikliyindən sonra uzun illər müxtəlif siyasi proseslərin iştirakçısı olan Tofiq Hüseynli son illərdə xaricdə yaşayırdı.
Musavat.com mərhumun doğulduğu torpaqda keçirilən dəfn mərasimindən çəkilmiş fotoları oxucularına təqdim edir.
Bakı 





