"İranın xarici işlər naziri Abbas Əraqçının “yüksək zənginləşdirilmiş uran məsələsi yalnız İslam Respublikası daxilində həll olunmalıdır” fikri, əslində Tehranın nüvə proqramı ətrafında gedən danışıqlarda strateji mövqeyini açıq şəkildə ortaya qoyur".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Aydın Tağıyev deyib.
Onun sözlərinə görə, bu mövqe həm hüquqi, həm siyasi, həm də geosiyasi baxımdan çoxsaylı nəticələr doğurur və İranın beynəlxalq münasibətlərdə özünü necə mövqeləndirdiyini göstərir:
"Diqqət etsək burda bir suverenlik iddiası var. İran bu bəyanatla nüvə proqramını milli suverenlik çərçivəsində qorumaq niyyətini təsdiqləyir və beynəlxalq nəzarəti qəbul etmədiyini göstərir".
Müsahibimizə görə, mövzuya hüquqi aspekdən baxdıqda Tehran BMT Nizamnaməsinin dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə istinad edərək, uranın zənginləşdirilməsini daxili məsələ kimi təqdim edir. Tağıyev deyib ki, Əraqçı danışıqların ikinci mərhələsində ABŞ-nin “qanunsuz” hesab edilən sanksiyalarının ləğvini əsas müzakirə mövzusu kimi irəli sürür.

Aydın Tağıyev: Bu mövqe ABŞ və Qərb dövlətləri ilə münasibətləri daha da gərginləşdirir
Onun dediyinə görə, İran bir tərəfdən sərt mövqeyini qoruyur, digər tərəfdən isə sanksiyaların aradan qaldırılması üçün danışıqlarda iştirak etməyə məcbur olur:
"Burda regional təhlükəsizlik baxmdan İsrail və Səudiyyə Ərəbistanı kimi dövlətlər İranın bu mövqeyini regionda nüvə silahı riskini artıran amil kimi qiymətləndirirlər".
Politoloq bildirib ki, bu bəyanat Vaşinqtonla münasibətləri daha da gərginləşdirir, çünki ABŞ beynəlxalq nəzarəti zəruri hesab edir:
"Görünən odur ki, bu münaqişədə Pakistanın vastəçi roluda bəllidir və görünür. Şahbaz Şərifin açıqlamaları göstərir ki, İslamabad ABŞ və İran arasında sülh sazişinin yekunlaşdırılmasında fəal iştirak edir və regional diplomatiyada nüfuzunu artırır".
Həmsöhbətimiz onu da deyib ki, bu açıqlama İranın nüvə proqramını daxili məsələ kimi təqdim etməklə həm daxili legitimlik qazanmaq, həm də beynəlxalq səviyyədə öz mövqeyini sərtləşdirmək strategiyasını əks etdirir:
"Lakin bu mövqe ABŞ və Qərb dövlətləri ilə münasibətləri daha da gərginləşdirir, regional təhlükəsizlik risklərini artırır və enerji bazarlarında qeyri-sabitlik yaradır".
Murad Məmmədli
Bakı 



