Azərbaycanla Ermənistan arasındakı proses hazırda qarşıdurmadan praktiki normallaşmaya keçid mərhələsindədir. Əvvəlki illərdə əsas diqqət hərbi-siyasi gərginliyin idarə edilməsinə yönəlirdisə, indi gündəliyin mərkəzində sülhün hüquqi rəsmiləşdirilməsi, sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması və iqtisadi əlaqələrin qurulması dayanır. Bu, münasibətlərin xarakterində keyfiyyət dəyişikliyinin baş verdiyini göstərir.
Prosesin əsas siyasi bazasını 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişinin razılaşdırılmış mətninin paraflanması təşkil edir. Tərəflər həmin sənəddə bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət göstərmək öhdəliyini təsdiqləyiblər. Bununla belə, sülh sazişi hələ rəsmən imzalanaraq ratifikasiya edilmədiyi üçün prosesin hüquqi baxımdan tamamlandığını söyləmək tezdir.
Ən mühüm yeniliklərdən biri siyasi razılaşmaların iqtisadi müstəviyə keçməsidir. Azərbaycan ərazisi vasitəsilə Ermənistana üçüncü ölkələrdən taxıl və digər malların daşınması, Azərbaycan neft məhsullarının Ermənistana ixrac edilməsi və biznes dairələri arasında təmasların başlanması sülhün praktik nəticələrini nümayiş etdirir. Qarşılıqlı iqtisadi maraqların yaranması gələcəkdə münasibətlərin yenidən gərginləşməsinin siyasi və maliyyə qiymətini yüksəldə bilər.
Avqustun 31-də Bişkekdə keçirilən İlham Əliyev-Nikol Paşinyan görüşü də tərəflərin birbaşa dialoqa üstünlük verdiyini göstərdi. Görüşdə dövlət sərhədinin delimitasiyası, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, eləcə də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun - TRIPP-in həyata keçirilməsi üzrə praktiki addımlar müzakirə olunub. Parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələri səviyyəsində etimad quruculuğu təmaslarının dəstəklənməsi isə prosesin yalnız liderlər səviyyəsində saxlanılmaması baxımından əhəmiyyətlidir.
Bununla yanaşı, həllini gözləyən ciddi məsələlər qalmaqdadır. Sülh sazişinin imzalanması və ratifikasiyası, sərhədlərin bütün hissələri üzrə delimitasiyanın başa çatdırılması, nəqliyyat marşrutlarının fəaliyyət prinsiplərinin razılaşdırılması və hüquqi-siyasi ziddiyyətlərin aradan qaldırılması əsas vəzifələrdir. Ermənistanın qanunvericiliyində Azərbaycana qarşı ərazi iddialarının mövcudluğuna dair Bakının narahatlığı da yekun sazişin imzalanmasına təsir edən başlıca məsələlərdən biri olaraq qalır.
Ümumilikdə, hazırkı dinamika müsbətdir, lakin sülhün dayanıqlılığı yalnız bəyanatlardan deyil, razılaşmaların ardıcıl icrasından asılı olacaq. Nəqliyyat əlaqələrinin açılması Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı, Ermənistanın regional iqtisadi layihələrə inteqrasiyasına və Cənubi Qafqazın tranzit imkanlarının genişlənməsinə şərait yarada bilər. Tərəflər qarşılıqlı etimadı möhkəmləndirib prosesin daxili və xarici təzyiqlərdən asılılığını azalda bilsələr, Azərbaycan-Ermənistan münasibətlərində formalaşan yeni mərhələ uzunmüddətli regional sülhə çevrilə bilər.
Züriyə Qarayeva
















