• Bakı 18° C

    11 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Qurbanlıqda həmrəylik nümunəsi: Deputatların bayram planları

CƏMİYYƏT

25 May 2026 | 14:49

Qurbanlıqda həmrəylik nümunəsi: Deputatların bayram planları

Qurban bayramının yaxınlaşması ilə birlikdə ölkədə bayram hazırlıqları da sürətlənib. Əsrlərdir xalqımızın mənəvi dəyərləri sırasında xüsusi yer tutan bu bayram paylaşmaq, yardımlaşmaq və ehtiyac sahiblərinə dəstək olmaq ənənələri ilə seçilir. Bir çox ailələr qurban kəsərək paylarını imkansız şəxslərlə bölüşür, bayramın mahiyyətinə uyğun olaraq həmrəylik nümayiş etdirirlər.

Bəs cəmiyyətin müxtəlif təbəqələri kimi deputatlar bu bayramı necə qeyd edir? Onlar qurban kəsirmi, ehtiyac sahiblərinə yardım göstərirlərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az olaraq deputatların fikirlərini öyrəndik.

Milli Məclisin üzvü Zahid Oruc saytımıza bildirib ki, Qurban bayramı müsəlman aləmində öz ilahi xüsusiyyətləri ilə seçilən və xalqımız tərəfindən hər zaman ideologiyasından, formasiyasından asılı olmayaraq qeyd olunur:

“Xüsusən də tam təmənnasız şəkildə və həmin buyruqlarda, prinsiplərdə deyildiyi kimi ehtiyacı olan insanları hiss etmək, tikəsini bölüşmək, paylaşmaq, xeyirxahlıq etmək və qeyd etdiyimiz o ilahi prinsipləri rəhbər tutaraq hər zaman qurban kəsmişik və onu paylaşmağa çalışmışıq. Bu il də belə edəcəyik. Burada bir daha xüsusi vurğulayaq ki, Allaha şükürlər olsun, artıq bu dövrdə insanlarımızın böyük bir hissəsi bunu Qarabağda, azad edilmiş torpaqlarda gerçəkləşdirə bilir. Bu, uzun onilliklər ərzində etdiyimiz duaların həm də qəbul olunması, həyata keçməsidir. Ali Baş Komandanın rəhbərliyi ilə insanlarımızın mühüm bir hissəsi artıq öz doğma torpaqlarında, evlərində qurban kəsə bilir, onu paylaşır, qurban süfrələri aça bilir. Ona görə də hər bir insanımız bu bayramda yəqin ki, qeyd olunan prinsiplərə, tələblərə uyğun olaraq addımlar atacaq və bu bayramı insanlarımızla, yaxınları ilə, ehtiyacı olan şəxslərlə birlikdə qeyd edəcək”.

Deputat Razi Nurullayev Bakıvaxtı.az-a deyib ki, bu il də ənənəyə sadiq qalaraq Qurban kəsib paylayacaq:

“Qurban bayramı bizim üçün yalnız dini ibadət deyil, eyni zamanda həmrəylik, paylaşmaq və ehtiyacı olan insanlara dəstək olmaq deməkdir. Qurban bayramının bir hissəsini ailə ilə, bir hissəsini isə rayonda keçirəcəm. Bir daha hər kəsi Qurban bayramı münasibətilə təbrik edir, xalqımıza sağlamlıq, bərəkət və firavanlıq arzulayıram”.

Milli Məclisin üzvü Naqif Həmzəyev isə Qurban bayramını Gəncə şəhərində qeyd edəcək:

“Hər kəsin qurban bayramını təbrik edirəm”.

Milli Məclisin üzvü Aqil Abbas əməkdaşımızla söhbətindən bildirib ki, hər il qurban kəsir, hətta təkcə Qurban bayramında deyil, digər vaxtlarda da:

“Həm Bakıda öz həyətimdə kəsib ehtiyacı olanlara paylayıram, həm də doğulduğum kənddə kəsdirib imkansız ailələrə paylatdırıram. Bu il də qurban kəsməyi düşünürəm”.

Deputat Ceyhun Məmmədov saytımıza deyib ki, Qurban bayramı İslam aləminin iki müqəddəs bayramından biridir və hər il Azərbaycanda da dövlət səviyyəsində qeyd olunur:

“Hər il olduğu kimi bu il də qurban kəsməyi planlaşdırıram. Bu, uzun illərdir davam edən bir ailə ənənəsidir. Əvvəllər valideynlərimiz bunu edirdi, bu gün isə biz həmin ənənəni davam etdiririk. Eyni zamanda bayramı ailə üzvlərimlə birlikdə keçirməyi düşünürəm. Hesab edirəm ki, ən gözəl bayram ailə ilə birlikdə qeyd olunan bayramdır”.

Milli Məclisin üzvü Vüqar İskəndərov Bakıvaxtı.az-a bildirib ki, seçildiyi vaxtdan bu günə qədər hər il ənənəvi olaraq Qurban bayramında qurbanlar kəsilir və könüllülər, dostlar vasitəsilə bayram tədbirləri təşkil olunur:

“İnsanlarla bayramlaşırıq. Xüsusilə şəhid ailələrinin, qazilərimizin və sosial vəziyyəti aşağı olan insanların evlərinə gedərək onlarla görüşür, bayram paylarını təqdim edir və bayram münasibətilə təbriklərimizi çatdırırıq. Bu artıq ənənə halını alıb. Biz bunu hər zaman etmişik və bundan sonra da edəcəyik. Bu, həm insani borcumuzdur, həm də müqəddəs bayram günlərində insanların yanında olmaq, onlarla birlikdə bayram sevincini bölüşmək bizim üçün qürurvericidir. Düşünürük ki, bununla cəmiyyətimizə də xoşməramlı mesajlar vermiş oluruq. Mən də bütün xalqımızı, insanlarımızı və seçicilərimizi Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.

Aynur Babazadə


SON XƏBƏRLƏR