Mənzil bazarında bahalaşma son dövrlərdə həm alıcıların, həm də kirayəçilərin əsas narahatlıq mənbələrindən birinə çevrilib. Daşınmaz əmlak qiymətlərinin artması bir çox ailələrin mənzil sahibi olmaq imkanlarını çətinləşdirir.
Bu bahalaşmanın əsas səbəbləri arasında tikinti materiallarının qiymətinin artması, inflyasiya və tələb-təklif balansındakı dəyişikliklər dayanır. Xüsusilə böyük şəhərlərdə mənzilə olan yüksək tələbat qiymət artımını daha da sürətləndirir. Paytaxt Bakıda da yeni tikililərin sayının artmasına baxmayaraq, bazarda qiymətlərin sabitləşməsi müşahidə olunmur. Kredit şərtlərinin dəyişməsi də mənzil bazarına birbaşa təsir göstərən amillərdəndir. Bahalaşma nəticəsində gənc ailələrin ev sahibi olmaq arzusu daha da uzaq görünür.
Mənzil bazarındakı vəziyyəti Bakıvaxtı.az-a şərh edən iqtisadçı ekspert Fuad İbrahimov qeyd edib ki, mənzillərin qiyməti bahalaşmayıb, amma mənzillərlə maraqlananlar aktivləşiblər:
“Bu gün ölkədə alıcılıq qabiliyyəti aşağı səviyyədədir. Vaxtaşırı ipoteka ilə bağlı müddətlər açılanda aktivləşmə müşahidə olunur. Ancaq indi bazar əvvəlki illərlə müqayisədə doyub. Buna təsir edən göstəricilər mövcuddur. Rusiya və Ukraynadan gələn azərbaycanlılar vardı, onların da gəlişində intensivlik azalıb”.
Müsahibimizə görə, məsələyə ölkəmizdə vətəndaşların gəlirliliyi baxımından yanaşsaq, qiymətlər həddindən artıq bahadır:
“Bunun da səbəbi odur ki, alternativ biznes mənbələri yoxdur. Bunun üçün çox adam öz artıq vəsaitlərini biznesə deyil, daşınmaz əmlaka yönəldir. Bu vəsaitlərin bazara girməsi bahalaşma yaradan əsas səbəblərdən biridir”.
“Mənzil bazarında qiymətlər qəfl çökə bilər” iddiasına gəlincə, ekspert bunu istisna etməyib.

Fuad İbrahimov: İndi bazar əvvəlki illərlə müqayisədə doyub, buna təsir edən göstəricilər isə…
Dediyinə görə, indi alternativ biznes mənbəyi yaransa, hansısa proses baş versə, iqtisadi cəhətdən çətin vəziyyət yaransa, qiymətlər çökə bilər. Bunu nəzərə almalıyıq. Son günlər mənzil bazarında aktivlik artıb”.
F.İbrahimov onu da əlavə edib ki, paytaxta yağan intensiv yağışlardan sonra bina evlərinə maraq və diqqət artıb:
“Maraq da artanda qiymətəmələgəlmə prosesi buna reaksiya verir. Çünki tələb, maraq artdıqda qiymət yüksəlir. Tələb azalanda isə qiymətlər aşağı düşür. Mənzil bazarında mənzərə belədir”.
Aydın Baxış
Bakı 




