Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanda verilən reaksiyalar təkcə siyasi narazılıq kimi qiymətləndirilə bilməz. Bu münasibət daha dərin problemin – Azərbaycan xalqının regiondakı tarixi varlığını qəbul etməmək düşüncəsinin növbəti təzahürüdür.
Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir və xarici diplomatların həmin ərazilərə səfəri ölkəmizin daxili məsələsidir. Ermənistan cəmiyyətinin müəyyən dairələrinin diplomatları buna görə hədəfə alması Azərbaycanın suverenliyinə hörmətsizlik olmaqla yanaşı, tarixi həqiqətlərə münasibətdə ikili standartı da üzə çıxarır. Ermənistan bir tərəfdən Azərbaycan ərazisindəki ayrı-ayrı abidələri erməni irsi kimi təqdim etməyə çalışır, digər tərəfdən isə indiki Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların yaratdığı mədəni irsi tamamilə inkar edir.
Əslində, burada söhbət təkcə tarixin fərqli şəkildə şərh olunmasından getmir. Ermənistanın ictimai-siyasi diskursunda belə bir təsəvvür yaradılır ki, guya azərbaycanlılar İrəvan, Göyçə, Zəngəzur və digər ərazilərdə heç vaxt yaşamayıblar. Halbuki həmin ərazilərdə mövcud olmuş Azərbaycan yaşayış məntəqələri, məscidlər, qəbiristanlıqlar, tarixi tikililər və yer adları xalqımızın bu coğrafiyadakı çoxəsrlik mövcudluğunun maddi sübutlarıdır. Bu faktların inkar edilməsi Azərbaycan xalqının təkcə tarixdən deyil, bütöv bir coğrafiyanın mədəni yaddaşından çıxarılmasına xidmət edir. Belə yanaşma elmi mübahisə deyil, müəyyən bir xalqın tarixi kimliyini və regiona bağlılığını yox sayan dözümsüz siyasətdir.
Məsələnin ən ağır tərəfi Qərbi Azərbaycanda Azərbaycan xalqına məxsus mədəni irsin məqsədli şəkildə dağıdılmasıdır. Tarixi abidələrin, məscidlərin, qəbiristanlıqların, qədim yaşayış yerlərinin və digər maddi mədəniyyət nümunələrinin məhv edilməsi ayrı-ayrı vandalizm halları kimi qəbul edilə bilməz. Bu proses uzun müddət davam edən və regionun etnik-mədəni mənzərəsini dəyişdirməyə yönələn siyasətin tərkib hissəsi təsiri bağışlayır. Məqsəd azərbaycanlıların həmin torpaqlarda yaşadığını göstərən izləri aradan qaldırmaq, gələcək nəsillərin bu tarixi bağları görməsinə imkan verməməkdir. Mədəni irsin dağıdılması ilə yanaşı, Azərbaycan mənşəli yer adlarının dəyişdirilməsi də coğrafi yaddaşın yenidən yazılmasına xidmət edir. Başqa sözlə, burada təkcə daş və tikililər deyil, bir xalqın tarixi mövcudluğunu təsdiqləyən bütöv yaddaş sistemi hədəfə alınır.
Qəbiristanlığın dağıdılması sadəcə məzar daşlarının sındırılması deyil; insanların nəsil yaddaşının və ata-baba torpaqları ilə mənəvi bağlarının qoparılmasıdır. Məscidin məhv edilməsi yalnız dini tikilinin aradan qaldırılması deyil; həmin ərazinin müsəlman və Azərbaycan mədəni keçmişinin silinməsidir. Tarixi yaşayış məkanlarının izsizləşdirilməsi isə gələcəkdə “burada azərbaycanlılar yaşamayıb” iddiasının irəli sürülməsi üçün zəmin yaradır. Buna görə də Qərbi Azərbaycandakı mədəni irsin dağıdılması mədəni təmizləmə mahiyyəti daşıyan, dözümsüzlük və irqçilik elementlərini özündə birləşdirən proses kimi qiymətləndirilməlidir. Bir xalqın yaratdığı irsi məhv edib sonra onun həmin ərazilərdəki tarixi varlığını inkar etmək təsadüfi deyil, bir-birini tamamlayan siyasətdir.
Azərbaycan mədəniyyət abidələrinin qəsdən məhv edilməsi beynəlxalq hüququn və mədəni irsin qorunması ilə bağlı qəbul olunmuş prinsiplərin kobud şəkildə pozulmasıdır. Bu əməllər 1954-cü il Haaqa Konvensiyasının mədəni sərvətlərin qorunmasına dair tələbləri, eləcə də UNESCO çərçivəsində formalaşmış ümumbəşəri mədəni irsin mühafizəsi prinsipləri ilə ziddiyyət təşkil edir. Mədəni irs hansı dövlətin ərazisində yerləşməsindən asılı olmayaraq, siyasi mübahisələrin və etnik qarşıdurmaların qurbanına çevrilməməlidir. Buna görə də Qərbi Azərbaycandakı Azərbaycan irsinin vəziyyəti beynəlxalq səviyyədə araşdırılmalı, qalan abidələr qeydə alınmalı və onların qorunmasına real təminat yaradılmalıdır. Arxiv sənədlərinin, köhnə xəritələrin, fotoşəkillərin, səyyah qeydlərinin və peyk görüntülərinin sistemləşdirilməsi dağıdılmış irsin miqyasının sənədləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Ermənistanla həqiqi və davamlı sülh yalnız siyasi bəyanatlar və sərhədlərin tanınması ilə məhdudlaşa bilməz. Barışıq qarşı tərəfin tarixini, yaddaşını və mədəni hüquqlarını qəbul etməyi də tələb edir. Qərbi Azərbaycandakı mədəni irsin taleyinin gündəmə gətirilməsi revanşizm deyil; tarixi ədalətin, mədəni hüquqların və ümumbəşəri irsin qorunması məsələsidir. Ermənistan sülh niyyətində səmimidirsə, Azərbaycan mədəni irsinin mövcudluğunu inkar etməkdən imtina etməli, dağıntıların araşdırılmasına və beynəlxalq mütəxəssislərin həmin ərazilərə çıxışına şərait yaratmalıdır. Çünki sülh müqaviləsi dövlətlər arasındakı münasibətləri hüquqi baxımdan tənzimləyə bilər, lakin xalqlar arasında etimad yalnız tarixi həqiqətə və qarşı tərəfin yaddaşına hörmətlə formalaşa bilər.
Züriyə Qarayeva
















