q
  • Bakı 17° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Pekin görüşü: Vaşinqton-Pekin xəttində yeni mərhələ 

SİYASƏT

14 May 2026 | 13:44

Pekin görüşü: Vaşinqton-Pekin xəttində yeni mərhələ 

ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Cinpinin Pekindəki görüşü hazırkı qlobal güc balansının ən həssas səhnələrindən biridir. Görüşün əsas gündəmi ticarət, süni intellekt, nadir torpaq elementləri, Tayvan, İran müharibəsi, Ukrayna və Koreya yarımadası ətrafında formalaşır.

İlk məlumatlara görə, Si Cinpin Tayvan məsələsinin ABŞ və Çin münasibətlərində ən kritik mövzu olduğunu vurğulayıb və bu məsələnin yanlış idarə olunmasının iki ölkəni təhlükəli qarşıdurmaya apara biləcəyini bildirib. Tramp isə daha yumşaq ton seçərək Si ilə şəxsi münasibətlərini önə çıxarıb və əlaqələrin daha yaxşı mərhələyə keçə biləcəyini deyib. Bu, əslində iki liderin fərqli danışıqlar üslubunu göstərir: Pekin strateji qırmızı xətləri xatırladır, Vaşinqton isə iqtisadi nəticə və siyasi görüntü əldə etməyə çalışır.  

Görüşdə ən vacib mövzulardan biri ticarət və texnologiya xəttidir. ABŞ Çinlə ticarət kəsirini azaltmaq, Amerika kənd təsərrüfatı və sənaye məhsullarının Çin bazarına çıxışını genişləndirmək istəyir. Çin isə tariflərin yumşaldılmasına, texnologiya məhdudiyyətlərinin azaldılmasına və xüsusilə süni intellekt çipləri ilə bağlı ABŞ təzyiqinin zəifləməsinə çalışır. Nvidia, Tesla və Apple kimi böyük Amerika şirkətlərinin rəhbərlərinin də Pekində olması təsadüfi deyil. Bu, görüşün yalnız siyasi deyil, həm də böyük biznes maraqları üzərində qurulduğunu göstərir. Si Cinpinin Amerika şirkətlərinə “Çin bazarı daha da açılacaq” mesajı verməsi Pekinin Vaşinqtona belə bir siqnalıdır: iqtisadi əməkdaşlıq mümkündür, amma bunun qarşılığında ABŞ Çin üzərində strateji təzyiqi azaltmalıdır.  

Nadir torpaq elementləri də danışıqların görünməyən, amma ən ciddi mövzularından biridir. Çin bu sahədə dünyada əsas təchizatçı mövqeyindədir və həmin elementlər müdafiə sənayesindən elektromobillərə, süni intellekt avadanlıqlarından yarımkeçiricilərə qədər geniş sahələrdə istifadə olunur. ABŞ üçün bu məsələ artıq adi ticarət predmeti deyil, milli təhlükəsizlik məsələsidir. Pekin isə bunu Vaşinqtona qarşı mühüm danışıqlar aləti kimi istifadə edir. Əgər Çin nadir torpaq elementləri və kritik minerallar üzrə ixrac nəzarətini yumşaltsa, bunun müqabilində ABŞ dan texnologiya, tarif və Tayvan istiqamətində müəyyən güzəştlər gözləyə bilər. Bu səbəbdən görüşdə mümkün razılaşma olsa belə, bu, dərin etimadın nəticəsi yox, qarşılıqlı asılılığın məcbur etdiyi müvəqqəti anlaşma olacaq.  

Tayvan məsələsi isə görüşün ən riskli siyasi başlığıdır. Çin üçün Tayvan suverenlik və ərazi bütövlüyü məsələsidir, ABŞ üçün isə həm Asiya Sakit okean regionunda güc balansı, həm də müttəfiqlərə verilən təhlükəsizlik təminatlarının sınağıdır. Pekin ABŞ ın Tayvana silah satışını və siyasi dəstəyini birbaşa təhdid kimi qəbul edir. Vaşinqton isə Tayvanı tam müdafiə etmək barədə açıq öhdəlik götürməsə də, Çinin bölgədə hərbi üstünlük qazanmasına da razı deyil. Ona görə bu görüşdə tərəflər Tayvan üzrə yekun razılıq əldə etməyəcək. Daha real nəticə odur ki, tərəflər böhranların idarə olunması üçün hərbi və diplomatik rabitə kanallarını açıq saxlamağa çalışacaqlar. Çünki hər iki tərəf başa düşür ki, Tayvan ətrafında nəzarətsiz eskalasiya təkcə regionu yox, bütün dünya iqtisadiyyatını silkələyə bilər.  

İran məsələsi də Trampın Pekinə səfərini daha həssas edir. ABŞ hazırda Yaxın Şərqdə İranla bağlı sərt mövqe tutur və Çindən Tehrana təsir göstərməsini gözləyir. Çin isə İranla enerji, ticarət və geosiyasi baxımdan ciddi əlaqələrə malikdir. Pekin açıq şəkildə Vaşinqtonun xəttinə qoşulmaq istəməz, amma Hörmüz boğazında gərginliyin artması, enerji qiymətlərinin yüksəlməsi və qlobal ticarətin pozulması Çinin də maraqlarına ziddir. Buna görə Çin bu görüşdə özünü müharibəni dayandırmağa çalışan məsuliyyətli güc kimi göstərməyə çalışa bilər. Tramp isə bunu daxili auditoriyaya “Çini də prosesə cəlb etdim” mesajı kimi təqdim edə bilər. Əslində burada hər iki tərəfin marağı üst üstə düşür: ABŞ İranı sıxışdırmaq istəyir, Çin isə regional yanğının iqtisadi sistemə yayılmasının qarşısını almağa çalışır.  

Görüşün daha geniş mənası budur ki, ABŞ və Çin münasibətləri artıq klassik əməkdaşlıq modelinə qayıtmır. Bu münasibətlər bundan sonra “idarə olunan rəqabət” məntiqi ilə davam edəcək. Tərəflər bir birini strateji rəqib kimi görür, amma eyni zamanda tam qopmanın hər iki ölkəyə baha başa gələcəyini anlayır. ABŞ Çin texnologiyasının yüksəlişini məhdudlaşdırmaq istəyir, Çin isə Amerika liderliyinin zəiflədiyi qlobal sistemdə öz mövqeyini genişləndirməyə çalışır. Bu görüşdən böyük tarixi dönüş gözləmək düzgün olmaz. Daha real nəticə ticarətdə müəyyən yumşalma, biznes əlaqələrində yeni siqnallar, nadir torpaq elementləri üzrə müvəqqəti anlaşma və Tayvan kimi təhlükəli mövzularda böhranın dondurulması ola bilər.

Nəticə etibarilə Pekin görüşü sülh və dostluq görüntüsü altında çox sərt güc bazarlığıdır. Tramp üçün əsas məqsəd iqtisadi uğur görüntüsü, Çin bazarına çıxış və qlobal böhranlarda Pekini müəyyən qədər məsuliyyət daşımağa məcbur etməkdir. Si Cinpin üçün əsas məqsəd isə ABŞ a Çinin qırmızı xətlərini qəbul etdirmək, Tayvan məsələsində təzyiqi azaltmaq və Çin iqtisadiyyatına etimadı bərpa etməkdir. Bu görüşdən sonra münasibətlər tam düzəlməyəcək, amma tərəflər ən azı açıq qarşıdurmanın qarşısını almağa çalışacaqlar. Ən real ssenari budur: ABŞ və Çin bir neçə sahədə razılaşacaq, amma əsas strateji rəqabət olduğu kimi qalacaq. Buna görə Pekin görüşü son razılaşma deyil, böyük güclər arasında növbəti mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

13 May 2026