Ödəniş terminallarında (o cümlədən eManat-da) tətbiq edilən yeni komissiyalar və bu barədə iqtisadçıların rəyləri son dövrlərin ən çox müzakirə olunan mövzularından biridir.
Belə ki, 1 aprel 2026-cı il tarixindən etibarən eManat və digər ödəniş terminalları vasitəsilə "Premium Bank" kartlarına və hesablarına edilən mədaxillərdən 1% xidmət haqqı (komissiya) tutulur. Həmçinin MilliÖn, eManat və ExpressPay terminallarında banklara edilən 1 500 AZN (və ya ekvivalent xarici valyuta) üzərindəki ödənişlərin yuxarı hissəsinə 0,25% komissiya tətbiq olunur (kredit ödənişləri istisna olmaqla).
eManat-ın əsas xidmət tariflərinə əsasən, Birbank əməliyyatlarında (10 sentyabr 2026-cı ildən) karta və ya hesaba mədaxil 0,3% komissiya, kredit ödənişlərində 1 AZN sabit xidmət haqqı, Premium Bank kartları (1 aprel 2026-cı ildən) kart və hesablara mədaxil 1% komissiya təşkil edir. ABB kartları üzrə limitlərə gəlincə, komissiyasız aylıq mədaxil limiti 1000 AZN, limiti aşan məbləğlər üçün 0,5% komissiya tətbiq olunur.
Ödəniş terminallarında, xüsusən də eManat-da tətbiq olunan yeni komissiyalar sahibkarlar üçün nə kimi çətinliklər yaradır? İstifadəçilər komissiyalardan yayınmaq və ya xərcləri azaltmaq üçün terminallar əvəzinə, hansı alternativ variantlardan istifadə edə bilərlər? Ümumiyyətlə, yeni komissiyalara ehtiyac var idimi?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc Bakıvaxtı.az-a açıqlamasında bu mövzuya toxunub.
Onun sözlərinə görə, komissiyaların nağd pulla terminal üzərindən bank hesabına və karta mədaxil edən şəxslər və belə ödənişləri qəbul edən sahibkarlar üçün əlavə xərclər yaradır:
"Ümumiyyətlə, son dövrdə kartla bağlı qəbul edilən qərarlar maliyyə hesabatlığı və şəffaflığı qorumaq məqsədilə həyata keçirilsə də, xərclərin artması göz qabağındadır. Belə ki, eManat hazırda 3 min dəfədən çox terminal və min dəfədən çox xidmət təqdim edir və bu, xidmətdən istifadə edənlər həddindən artıq çoxdur. Sahibkarlar üçün burada əsas problem xərclərin artmasıdır. Söhbət kiçik sahibkarlardan gedir. Çünki kiçik və orta sahibkarlar yalnız bu vasitələrdən istifadə edirlər. Böyük sahibkarlar onsuz da kart sistemi ilə fəaliyyət göstərmirlər. Bu baxımdan çox böyük ödənişlərin olması ciddi problemlərin yaranmasına səbəb ola bilər. Bu da əlavə maliyyə yükünün yaranması deməkdir".
İqtisadçı hesab edir ki, sahibkarlar əlavə maliyyə yükü ilə üzləşməmək üçün bankın mobil tətbiqindən və internet bankinqdən istifadə etmək variantına müraciət etməlidirlər. Çünki əks təqdirdə maliyyə itkiləri kifayət qədər ciddi məbləğ yarada bilər.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc
"Komissiyanın tətbiqi əsasən texniki xidmətin, infrastrukturun saxlanmasının, əməliyyatların həyata keçirilməsi xərclərinin kompensasiya edilməsi məqsədilə həyata keçirilir. Burada yaxşı olardı ki, bank sistemi müəyyən təşviq proqramları və layihələri də həyata keçirsin. Məsələn, müştəri cəlb etmək məqsədilə kampaniya xarakterli faizlərin azaldılması və ya ləğv olunması həmin bankın gəlirlərinin artmasına gətirib çıxarda bilər. Ölkəmizdə bank sisteminin idarə edilməsi Mərkəzi Bank tərəfindən yüksək səviyyədə həyata keçirilir, amma bankların məhsulu hələ də dünya bazarında mövcud olan bank məhsullarının yanında çox geridə qalır. Əgər digər dövlətlərdə bir neçə yüz xidmət növləri varsa, bizdə bu xidmət növləri onlarladır. Ona görə də gələcəkdə ölkənin bank sistemində xidmət istiqamətlərinin inkişafı istiqamətində addımlar atılmalıdır", - deyə müsahibimiz izah edib.
V. Orucun fikrincə, rəqəmsal bankçılığa keçid və QR ödənişləri kimi alternativ kanalların komissiyasız həyata keçirilməsi vətəndaşlar və sahibkarlar üçün məqsədəuyğundur:
"Müasir dövrün vətəndaşlara və sahibkarlara verdiyi imkanlardan yararlanmaq lazımdır. Bu kontekstdə daha çox rəqəmsal fəaliyyətə, rəqəmsal ödənişlərə üstünlük vermək və eyni zamanda şəffaflığın və maliyyə hesabatlılığının təmin olunmasını həyata keçirmək vacibdir. Belə ki, vətəndaş üçün hər hansı bir bankın müştərisi olduqdan sonra onun mobil tətbiqini əldə etmək və bunun vasitəsilə ödənişlərini etmək eManat sistemində əlavə faizlər ödəməkdən daha məqsədəuyğundur. Həmçinin çoxdan gözlənilən və hazırda yenə də tam həyata keçməyən banklararası ödənişlərin komissiyasız həyata keçirilməsi də vacib şərtlərdən biridir. Düzdür, bəzi banklar arasında belə razılaşmalar var. Lakin bir bankdan digər bank kartına köçürmə edərkən faizlərin tutulması dünya praktikasında demək olar ki, az təsadüf olunan haldır. Daha yaxşı olardı ki, maliyyə institutları öz aralarında razılaşsınlar ki, bankların bir-birilərini tanıması və ya xidmətlərin faizsiz koordinasiyası mümkün olsun".
Komissiya məbləğinin aşağı salınmasına ehtiyac olduğunu vurğulayan V. Oruc qeyd edib ki, hər bir bank, ilk növbədə, vətəndaş məmnuniyyətini önə çəkməlidir. Komissiyanın çoxluğu həmin bank xidmətindən imtinaya gətirib çıxara bilər.
"Komissiyalar cüzi olmalıdır ki, həm vətəndaşlar, həm də sahibkarlar bunu hiss etməsinlər. Yəni, yalnız xidmət haqqı kimi hiss etsinlər. Əks təqdirdə bu komissiyalar əlavə vergi xarakteri daşıyır və hər hansı əməliyyata görə əlavə ödənişlər edilməsi zərurəti yaradır. Təbii ki, əməliyyatların sayı çox olduqda isə maliyyə yükünün artması ilə nəticələnir", - deyə iqtisadçı əlavə edib.
Gülşən Şərif




















