Yeni Azərbaycan Partiyasının keçdiyi yol müstəqil Azərbaycanın siyasi tarixinin mühüm mərhələləri ilə paralellik təşkil edir. 21 noyabr 1992-ci ildə Naxçıvanda təsis edilən YAP ölkənin mürəkkəb siyasi, iqtisadi və hərbi sınaqlarla qarşılaşdığı bir zamanda meydana çıxdı. Həmin dövrdə dövlət idarəçiliyində yaşanan böhran, daxili siyasi qarşıdurmalar və Qarabağ müharibəsinin yaratdığı ağır vəziyyət cəmiyyətdə yeni siyasi qüvvəyə ehtiyac formalaşdırmışdı. Məhz belə bir şəraitdə 91 nəfər Azərbaycan ziyalısının Heydər Əliyevə müraciəti ilə başlayan proses Yeni Azərbaycan Partiyasının yaradılması ilə nəticələndi. Təsis konfransında Heydər Əliyevin partiyanın sədri seçilməsi YAP-ın gələcək siyasi xəttinin və ideoloji istiqamətinin müəyyənləşməsində həlledici rol oynadı.
.png)
YAP-ın yaranmasının əsas xüsusiyyətlərindən biri onun əvvəlcədən mövcud hakimiyyət resursları əsasında deyil, müxalif siyasi qüvvə kimi formalaşması idi. Heydər Əliyev həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi və partiyanın təsis konfransının da Naxçıvanda keçirilməsi təsadüfi deyildi. Qısa müddət ərzində YAP-ın müxtəlif bölgələrdə təşkilatlanması onun sosial və siyasi bazasının genişlənməsinə imkan verdi. 1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra isə partiyanın siyasi sistemdəki mövqeyi tamamilə yeni mərhələyə daxil oldu. YAP hakim siyasi qüvvəyə çevrilməklə yanaşı, Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunun siyasi dayaqlarından biri kimi formalaşdı. Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə YAP-ın siyasi fəlsəfəsinin mərkəzində müstəqil dövlətçiliyin qorunması, siyasi sabitlik, azərbaycançılıq və milli maraqların üstünlüyü dayanırdı.

1990-cı illərin ortalarından etibarən dövlət institutlarının möhkəmləndirilməsi, Konstitusiyanın qəbul edilməsi, bazar iqtisadiyyatına keçid, enerji strategiyasının həyata keçirilməsi və Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi ölkənin siyasi inkişafının əsas istiqamətlərini müəyyən etdi. YAP da öz siyasi fəaliyyətini həmin dövlətçilik kursu ilə əlaqələndirdi. Bu mənada partiyanın tarixində Heydər Əliyev amili sadəcə ilk sədr anlayışı ilə məhdudlaşmır. Heydər Əliyevin siyasi baxışları YAP-ın ideoloji bazasının, təşkilati ənənələrinin və uzunmüddətli siyasi strategiyasının formalaşmasında əsas rol oynadı.
.jpeg)
Yeni Azərbaycan Partiyasının sonrakı inkişafının əsas xüsusiyyətlərindən biri siyasi varisliyin təmin olunması oldu. İlham Əliyevin 1999-cu ildə YAP sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilməsi bu prosesin ardıcıl şəkildə həyata keçirildiyini göstərdi. Bununla YAP tarixində yeni mərhələ başlandı: Heydər Əliyevin müəyyən etdiyi siyasi prinsiplər qorunmaqla, partiyanın fəaliyyəti dəyişən iqtisadi, sosial və geosiyasi reallıqlara uyğunlaşdırıldı. Məhz varislik və yenilənmənin paralel aparılması YAP-ın uzunmüddətli siyasi fəaliyyətinin xarakterik cəhətlərindən biri oldu. Partiyanın proqramında da Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, sosial ədalət və insan amili kimi prinsiplərin əsas yer tutması bu ideoloji davamlılığı ifadə edir.

YAP-ın üç onillikdən artıq siyasi fəaliyyətinə nəzər saldıqda onun seçki proseslərində və dövlətin siyasi həyatında davamlı iştirak etdiyi görünür. Partiya müxtəlif dövrlərdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində geniş şəkildə təmsil olunub və uzun müddətdir parlament çoxluğunu formalaşdıran siyasi qüvvədir. Bununla yanaşı, partiyanın təşkilati strukturlarının ölkənin müxtəlif bölgələrini əhatə etməsi onun fəaliyyətinin yalnız mərkəzi siyasi institutlarla məhdudlaşmadığını göstərir. Bu gün YAP üçün əsas məsələlərdən biri də uzun illər ərzində formalaşmış siyasi ənənənin yeni nəsillərə ötürülməsi, kadr potensialının yenilənməsi və müasir ictimai-siyasi çağırışlara uyğun fəaliyyət mexanizmlərinin inkişaf etdirilməsidir.
YAP-ın siyasi tarixinin başqa bir mühüm tərəfi partiyanın fəaliyyət göstərdiyi dövrdə Azərbaycanın özünün də ciddi transformasiyadan keçməsidir.

1992-ci ildə müstəqilliyinin ilk addımlarını atan və müharibə şəraitində olan Azərbaycanla bugünkü Azərbaycan arasında siyasi, iqtisadi və geosiyasi baxımdan böyük fərq mövcuddur. Ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunması ilə ölkənin qarşısında artıq fərqli strateji vəzifələr dayanır. Azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış, regional kommunikasiyalar, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının inkişafı və dəyişən dünya nizamında milli maraqların qorunması yeni mərhələnin əsas mövzularıdır. YAP-ın siyasi fəaliyyətinin də bu yeni reallıqlara uyğunlaşması onun qarşıdakı dövr üçün əsas vəzifələrindən biri kimi çıxış edir.
.jpeg)
Beləliklə, Yeni Azərbaycan Partiyasının 1992-ci ildən bu günədək keçdiyi yol bir neçə siyasi mərhələni özündə birləşdirir: yaranma və təşkilatlanma, hakim siyasi qüvvəyə çevrilmə, Heydər Əliyevin rəhbərliyi altında ideoloji və institusional formalaşma, daha sonra İlham Əliyevin sədrliyi ilə siyasi varislik və yenilənmə. Partiyanın tərəfdarlarının yanaşmasında YAP-ın əsas siyasi kapitalı məhz bu davamlılıq, dövlətçilik ideyasına bağlılıq və uzunmüddətli siyasi təcrübə ilə əlaqələndirilir.

34 ilə yaxın bir dövr ərzində siyasi səhnədə aparıcı mövqeyini qoruması isə YAP-ın Azərbaycanın müasir siyasi tarixində uzunömürlü və institusional siyasi təşkilatlardan biri kimi formalaşdığını göstərir. Qarşıdakı mərhələdə partiyanın siyasi çəkisini müəyyən edən əsas amil də tarixi irslə müasir çağırışlar arasında bu əlaqəni necə davam etdirəcəyi olacaq.
Alim Nəsirov
















