Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın siyasi tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri kimi yadda qalacaq. Çünki bu qurultay sadəcə siyasi partiyanın növbəti toplantısı deyil, Azərbaycanın ən mühüm tarixi hədəflərindən birinə - ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına nail olduğu yeni mərhələnin siyasi fonunda keçirilir.
Bu baxımdan VIII Qurultay həm YAP-ın keçdiyi tarixi yolun, həm də Azərbaycan dövlətçiliyinin son onilliklərdə qazandığı böyük nailiyyətlərin növbəti mərhələyə daşınmasının göstəricisidir.
YAP-ın tarixində qurultaylar həmişə ölkənin qarşısında dayanan strateji vəzifələrlə sıx bağlı olub. Bu baxımdan VIII Qurultay da istisna deyil. Əksinə, bugünkü siyasi reallıq bu qurultaya daha böyük məna verir.
Azərbaycan artıq müstəqil dövlətçilik tarixinin ən mühüm mərhələlərindən birini geridə qoyub. 2020-ci ildə əldə olunan tarixi Zəfər, 2023-cü ildə suverenliyin tam bərpası və hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri dövlət siyasətinin ardıcıllığının və məqsədyönlülüyünün nəticəsi kimi qiymətləndirilir.
Bu uğurların arxasında isə ilk növbədə siyasi iradə dayanır.
Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət Azərbaycanın həm daxili, həm də xarici siyasət kursunun əsasını təşkil edib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli maraqların ardıcıl şəkildə müdafiəsi nəticədə Azərbaycanın regionda yeni reallıq formalaşdırmasına imkan verib.
Bu gün Azərbaycanın dünyada öz sözünü deyən dövlətlərdən biri kimi qəbul olunması təsadüfi deyil.
Ölkənin müstəqil xarici siyasət yürütməsi, milli maraqlarını qətiyyətlə müdafiə etməsi və eyni zamanda müxtəlif dövlətlərlə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurması Azərbaycanın diplomatik imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
VIII Qurultayda səsləndirilən mesajlar da göstərir ki, Azərbaycan qarşıdakı dövrdə bu siyasətin davam etdirilməsində qərarlıdır.
Burada diqqət çəkən əsas məqam dövlətçilik xəttinin dəyişməzliyidir.
Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs müasir dövrün reallıqları nəzərə alınmaqla davam etdirilir. Ulu Öndərin əsasını qoyduğu güclü dövlət, milli həmrəylik, sabitlik və inkişaf fəlsəfəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun qazanıb.
Bu baxımdan YAP-ın VIII Qurultayını həm də siyasi varisliyin və dövlətçilik ənənələrinin davamlılığının mühüm göstəricisi hesab etmək olar.
YAP-ın Azərbaycan siyasi sistemindəki rolu da məhz bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir.
Partiya üç onillikdən artıq müddətdə ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi təşkilatlardan biri kimi fəaliyyət göstərib. Bu müddət ərzində Azərbaycan böyük dəyişikliklərə şahid olub, dövlət institutları möhkəmlənib, iqtisadi potensial artıb, ölkənin beynəlxalq nüfuzu yüksəlib və ən əsası, uzun illər xalqımızın qarşısında dayanan Qarabağ məsələsi tarixi ədalətin bərpası ilə nəticələnib.
Bu gün isə qarşıda daha böyük vəzifələr dayanır.
Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi, həmin ərazilərin Azərbaycanın iqtisadi və sosial həyatına tam inteqrasiyası dövlət siyasətinin əsas prioritetlərindəndir.
Bu proses Azərbaycanın dövlət imkanlarının miqyasını da nümayiş etdirir.
Bir vaxtlar işğal altında olan ərazilərdə bu gün yeni yollar, yaşayış məhəllələri, məktəblər, xəstəxanalar, hava limanları və müasir infrastruktur yaradılır.
Bu, sadəcə quruculuq layihəsi deyil.
Bu, Zəfərin real nəticələrə çevrilməsidir.
Azərbaycanın öz gücü hesabına həyata keçirdiyi Böyük Qayıdış siyasəti dövlətin vətəndaşına münasibətinin də mühüm göstəricisidir. İnsanların öz doğma torpaqlarına qayıtması tarixi ədalətin bərpasının ən mühüm nəticələrindən biridir.
VIII Qurultayın keçirildiyi mərhələnin əsas üstünlüyü də məhz budur: Azərbaycan artıq yalnız gələcək barədə danışan deyil, öz qarşısına qoyduğu böyük məqsədləri mərhələli şəkildə həyata keçirən dövlətdir.
Bu mənada Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mühüm xüsusiyyətlərindən biri ardıcıllıqdır.
Verilən siyasi qərarların strateji məqsədlərlə uzlaşdırılması, müxtəlif sahələrdə həyata keçirilən tədbirlərin bir-birini tamamlaması və dövlət maraqlarının prioritet götürülməsi Azərbaycanın inkişaf modelinin əsas xüsusiyyətlərindəndir.
Bu siyasətin nəticəsi olaraq Azərbaycan həm regional, həm də beynəlxalq miqyasda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib.
YAP-ın VIII Qurultayı isə bu siyasi kursun qarşıdakı dövrdə də davam etdiriləcəyinə dair mühüm siyasi mesajdır.
Qurultayın başqa bir mühüm tərəfi milli birlik məsələsidir.
Azərbaycanın əldə etdiyi tarixi Zəfərin əsas amillərindən biri xalqın və dövlətin vahid məqsəd ətrafında birləşməsi oldu. 44 günlük müharibə zamanı nümayiş etdirilən milli həmrəylik Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən birinə çevrildi.
Bu birlik bu gün də dövlətçiliyin əsas dayaqlarından biri kimi çıxış edir.
Çünki güclü dövlət yalnız iqtisadi və hərbi imkanlarla deyil, həm də xalqın dövlətə inamı və milli həmrəyliyi ilə formalaşır.
YAP-ın VIII Qurultayında bu amilin ön plana çıxarılması da xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın qarşısında indi yeni və daha böyük məqsədlər dayanır. İqtisadi inkişafın davam etdirilməsi, insan kapitalının gücləndirilməsi, rəqəmsal transformasiya, müasir ordu quruculuğu, Qarabağın dirçəldilməsi və beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsi bu mərhələnin əsas istiqamətləridir.
Bütün bunların həyata keçirilməsi isə siyasi sabitlik və ardıcıl dövlət siyasəti tələb edir.
Azərbaycanın son illərdə əldə etdiyi nəticələr göstərir ki, ölkə qarşıya qoyduğu strateji məqsədləri reallaşdırmaq üçün kifayət qədər siyasi iradəyə, iqtisadi imkanlara və dövlətçilik təcrübəsinə malikdir.
VIII Qurultay da məhz bu inamın növbəti siyasi ifadəsidir.
Bu gün YAP-ın qarşısında duran vəzifə Azərbaycanın qazandığı nailiyyətləri qorumaqla yanaşı, ölkənin gələcək inkişafına töhfə verməkdir.
Əgər bir neçə onillik əvvəl əsas məqsəd müstəqil Azərbaycanın dövlətçilik əsaslarını möhkəmləndirmək idisə, bu gün həmin dövlətin daha güclü, daha nüfuzlu və daha inkişaf etmiş ölkəyə çevrilməsi əsas hədəflərdən biridir.
VIII Qurultay bu baxımdan yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Çünki Azərbaycanın siyasi tarixində artıq yeni səhifə açılıb.
Bu səhifənin adı isə güclü dövlət, möhkəm milli birlik, davamlı inkişaf və tam suverenlikdir.
YAP-ın VIII Qurultayı həmin siyasi xəttin davamlılığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ardıcıllığını və Azərbaycanın gələcəyə inamla addımladığını bir daha nümayiş etdirir.
Ən əsası isə budur: Azərbaycan artıq öz tarixinin taleyüklü qərarlarını başqalarının müəyyən etdiyi deyil, özünün verdiyi və öz gücünə arxalanaraq həyata keçirdiyi bir mərhələdədir.
Bu, son illərin ən böyük siyasi nəticələrindən biridir.
Əli Hüseynov
















