• Bakı 13° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Dildə, fikirdə, işdə birlik: Azərbaycan-Türkiyə birgə oxuma proqramı

CƏMİYYƏT

02 Oktyabr 2026 | 14:01 | Müəllif: Qalib İbrahimoğlu

Dildə, fikirdə, işdə birlik: Azərbaycan-Türkiyə birgə oxuma proqramı

Anadolu Məktəbi Türkiyə və Azərbaycanın ortaq mədəni irsini ədəbiyyat vasitəsilə bir araya gətirən “Dildə, fikirdə, işdə birlik: Azərbaycan-Türkiyə Birgə Oxuma Proqramı” çərçivəsində Bakıda şagirdləri, müəllimləri və elm adamlarını bir araya gətirəcək.

Bakıvaxtı.az xəbər verir ki, 2025-ci ilin oktyabr ayında başlayan birgə oxuma proqramı 2026-cı ilin aprel ayında başa çatıb. Proqram çərçivəsində Türkiyədən 90 orta məktəb və 25 universitet tələbəsi, Azərbaycandan isə 4 müxtəlif qrupda ümumilikdə 37 şagird və tələbə proqramlarda iştirak edib.

Proqram müddətində Türkiyədəki şagird və tələbələr Anar, Bəxtiyar Vahabzadə, Elçin Əfəndiyev, Cəlil Məmmədquluzadə və Yusif Vəzir Çəmənzəminli kimi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini oxuyarkən, Azərbaycandakı şagird və tələbələr isə Türk ədəbiyyatının Yunus Əmrə, Mövlana, Mehmet Akif Ersoy, Sezai Karakoç, Mustafa Kutlu, Cengiz Dağcı və Ahmet Hamdi Tanpınar kimi görkəmli nümayəndələrinin seçilmiş əsərləri ilə tanış olub.

Oxu prosesindən sonra şagird və tələbələrin hazırladığı mətnlərin təqdim ediləcəyi, qarşılıqlı qiymətləndirmələrin və təqdimatların keçiriləcəyi proqramda Türkiyə və Azərbaycan ədəbiyyatına həsr olunmuş üç panel təşkil ediləcək.

Türkiyə və Azərbaycandan şagird və tələbələrin, müəllimlərin və elm adamlarının iştirakı ilə keçiriləcək panel, söhbət və dəyərləndirmə toplantılarında oxunan əsərlər, bu əsərlərdə əks olunan ortaq dəyərlər, tarix şüuru və mədəni yaddaş müzakirə ediləcək.

4-7 oktyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək proqramlar ortaq mütaliənin yalnız kitablarla məhdudlaşmayaraq, şagird və tələbələr arasında davamlı mədəniyyət və fikir mübadiləsinə çevrilməsini hədəfləyir.

Anadolu Məktəbi bu layihə ilə Türkiyə və Azərbaycan arasında “Dildə, fikirdə, işdə birlik” anlayışına əsaslanan mədəni və ədəbi əlaqələrin gənc nəsillər vasitəsilə daha da gücləndirilməsinə töhfə verməyi qarşısına məqsəd qoyur. Proqram Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsi (YTB), Milli Təhsil Nazirliyi, Türkiyə Maarif Vəqfi və Yunus Əmrə İnstitutunun dəstəyi ilə həyata keçiriləcək.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR