Rusiya prezidentinə xaricdə məhkəmə qərarı ilə həbs olunan rusiyalıları müdafiə etmək üçün ordudan və xüsusi qüvvələrdə istifadə hüquq verilir
Hökumət Dövlət Dumasına xarici məhkəmələr tərəfindən xaricdə həbs edilən rusları qorumaq üçün ordudan istifadəyə icazə verən qanun layihəsi təqdim edib.
Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, layihəyə əsasən, Rusiya prezidenti xaricdə məhkəmələrin qərarı ilə həbs olunan və ya mühakimə edilən ölkə vətəndaşlarını müdafiə etmək üçün ordudan istifadə edə biləcək.
Dövlət Dumasına təqdim olunan sənəd prezidentə və digər dövlət orqanlarına belə səlahiyyət verir: əgər Rusiya vətəndaşları Moskvanın qanunsuz saydığı məhkəmələrin qərarı ilə xaricdə həbs olunarsa, onların müdafiəsi üçün istənilən tədbirlər görülə bilər. Duma sədri Vyaçeslav Volodin bildirib ki, təşəbbüsdə məqsəd “dost olmayan dövlətlərin hərəkətlərindən vətəndaşların hüquqlarını qorumaqdır”. Dövlət orqanları prezidentin qərarı ilə xaricdə həbs olunmuş vətəndaşların müdafiəsi üçün tədbirlər görməyə borclu olacaq. Sənəddə Rusiya Silahlı Qüvvələrinin “eksterritorial istifadəsi” mümkünlüyü də vurğulanır.
Maraqlıdır, sənədin müəllifləri bunu necə görürlər. Dost olmayan bir dövlətin paytaxtına desant çıxarmaq? Xüsusi təyinatlı qüvvələrin əməliyyatı? Siyasi analitik Kirill Ozimkonun sözlərinə görə, xaricdə Rusiya vətəndaşlarının hüquq və azadlıqlarının pozulması ilə bağlı vəziyyət heç vaxt bu günkü qədər kəskin olmayıb: “rusiyalıların təqib halları yalnız son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Buna görə də, indi bir çox Qərb ölkəsində olmaq bizim üçün təhlükəlidir. Orada rusofobiyanın yüksək səviyyəsi ilə vəziyyət hətta vətəndaşlarımıza qarşı kütləvi repressiyalara çevrilə bilər. Prezident tədbirləri, eləcə də silahlı qüvvələrin nə vaxt istifadə olunmalı və nə vaxt istifadə olunmamalı olduğunu müəyyən edəcək. Bunun praktikada necə işləyəcəyini demək çətindir. Formal olaraq, qanun həmvətəndaşların hərbi yolla azad edilməsinə imkan verəcək. Lakin bu cür tədbirlər, əlbəttə ki, həddindən artıqdır. Qanun layihəsi, ilk növbədə, Qərbə siyasi siqnal, qətiyyət nümayişidir”.
“Beynəlxalq hüquq baxımından bu cür əməliyyatlar nə dərəcədə qanuni ola bilər” sualına ekspert belə cavab verib: “Beynəlxalq münasibətlərdə vətəndaşlar xaricdə təhlükə altında olduqda təxliyə edilməsi praktikası mövcuddur. Zərurət yarandıqda güc tətbiq olunur. Məsələn, humanitar müdaxilə — soyqırımın qarşısını almaq üçün başqa bir dövlətə hücum kimi bir anlayış da var. Buna görə də biz də bu cür qanunları qəbul etməkdən və dünyanın istənilən yerində vətəndaşlarımızı qorumaqda qətiyyətlilik göstərməkdən çəkinməməliyik. "Bu, yaxşı bir təşəbbüsdür. Digər bir məsələ isə, əsasən siyasi rəqiblərimizi qorxutmaq məqsədi daşıyır", - deyə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Vladimir Blinov bildirib.
“Novaya qazeta”nın sorğuladığı ekspertlər də hesab edirlər ki, bu sənədin məqsədi hüquqi deyil, daha çox psixolojidir.Hüquqşünaslar bu təşəbbüsü “informasiya səs-küyü” adlandırır Ekspertlərə görə, bu, daha çox formal xarakter daşıyan və real tətbiq üçün nəzərdə tutulmayan qanundur. Hüquqşünaslar bildirir ki, belə qanunlar çox vaxt praktik mexanizm deyil, daha çox təzyiq alətidir. Ekspertlərin fikrincə, bu təşəbbüs real hərbi mexanizm deyil, daha çox psixoloji və siyasi mesajdır, beynəlxalq strukturlara və digər ölkələrə yönəlmiş xəbərdarlıq xarakteri daşıyır./Musavat.com
Bakı 




