ABŞ Yaxın Şərqdəki müharibənin yaratdığı enerji qiymətlərinin artmasının qarşısını almaq məqsədilə gəmilərdə saxlanılan İran nefti və neft məhsullarının satışına və çatdırılmasına icazə verib.
Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, ABŞ Maliyyə Naziri Skot Bessent bildirib ki, ABŞ bu əməliyyatlara icazə vermək üçün İrana qarşı sanksiyaları yumşaltmağı nəzərdən keçirir. O, bu yumşalmanın yalnız gəmilər vasitəsilə dənizdə saxlanılan İran neftinə şamil ediləcəyini bildirib. Lakin rəsmi Tehran dənizdə artıq xam neft ehtiyatının olmadığını iddia edib. İran Neft Nazirliyinin sözçüsü Saman Qoddusi « X »də yazıb : “Hazırda İranın dənizdə və ya beynəlxalq bazarları təchiz etmək üçün artıq xam nefti yoxdur və ABŞ Maliyyə Nazirinin açıqlamaları yalnız alıcılara ümid vermək məqsədi daşıyır”.
Qeyd edək ki, dünya neft və qazının normalda 20%-nin keçdiyi Hörmüz boğazının blokadası və Yaxın Şərqdə enerji infrastrukturuna edilən çoxsaylı hücumlar xam neftin qiymətlərinin artmasına səbəb olub. Neft qiymətləri cümə günü daha yüksək səviyyəyə yüksəlib. Şimal dənizindən çıxarılan Brent markalı neftin qiyməti 3,26% artaraq bir barel üçün 112,19 dollara çatıb. Onun ABŞ ekvivalenti olan ənənəvi olaraq daha ucuz olan « West Texas Intermediate » (WTI) isə 2,27% artaraq bir barel üçün 98,32 dollara yüksəlib.
Aydın Baxış
Bakı 




