• Bakı 17° C

    0.74 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Berdiməhəmmədov: MDB ölkələri əməkdaşlığın inkişafı üçün bütün imkanlara malikdir

SİYASƏT

09 Oktyabr 2026 | 09:40 | Müəllif: Əli Hüseynov

Berdiməhəmmədov: MDB ölkələri əməkdaşlığın inkişafı üçün bütün imkanlara malikdir

Türkmənistan Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrliyi dövründə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün tərəfdaşları ilə birgə məsuliyyətlə fəaliyyətini davam etdirəcək.

Bakıvaxtı.az-ın verdiyi xəbərə görə, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

    O bildirib ki, MDB Dövlət Başçıları Şurasının iclası Birliyin illik fəaliyyətində əsas hadisələrdən biridir:

    “Bu gün görülən işlərin nəticələrini nəzərdən keçirməli, qarşıdakı dövr üçün vəzifə və istiqamətləri müəyyənləşdirməliyik”.

    Sərdar Berdiməhəmmədov qeyd edib ki, Türkmənistan MDB-yə sədrliyi çərçivəsində üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşıb. Onun sözlərinə görə, nəzərdə tutulan tədbirlərin vaxtında keçirilməsi təmin edilib, hökumət başçıları və İqtisadi Şuranın iclasları təşkil olunub, iqtisadi məsələlər üzrə komissiya mütəmadi fəaliyyət göstərib.

    Türkmənistan Prezidenti keçirilən görüşlərin məzmunlu və konstruktiv xarakter daşıdığını, onların nəticəsində praktiki qərarların qəbul edildiyini vurğulayıb. O, əməkdaşlığa hazırlıq nümayiş etdirdiklərinə və əldə olunan nəticələrə töhfə verdiklərinə görə nümayəndə heyətlərinə təşəkkürünü bildirib.

    “Əminəm ki, qarşıdakı müzakirələr və fikir mübadiləsi gələcək fəaliyyətimiz üçün mühüm istiqamətlər müəyyənləşdirəcək. Dəyişməz əsas məqsədimiz xalqlarımızın rifah və tərəqqisinin təmin olunması, bizi birləşdirən müsbət və dəyərli amillərin qorunaraq artırılmasıdır”, – deyə Sərdar Berdiməhəmmədov bildirib.

    O əlavə edib ki, MDB-nin siyasi, iqtisadi və humanitar sahələrdə potensialının reallaşdırılması, Birliyin beynəlxalq arenada nüfuzunun və səmərəliliyinin artırılması, digər mötəbər təşkilatlarla tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi əsas vəzifələr sırasındadır.

    Sərdar Berdiməhəmmədovun sözlərinə görə, MDB-yə üzv dövlətlər bu məqsədlərə nail olmaq üçün bütün zəruri imkanlara malikdirlər.

    Türkmənistan Prezidenti builki iclasın MDB-nin yaradılmasının 35-ci ildönümünə təsadüf etdiyini də diqqətə çatdırıb.

    “Bu, mühüm tarixdir. Bu gün keçilən yola nəzər salaraq əminliklə söyləmək olar ki, Müstəqil Dövlətlər Birliyi bu yolu layiqincə keçib. Obyektiv çətinliklərə baxmayaraq, əməkdaşlığın təməlini qoruyub saxlamaq, onun bərabərhüquqlu, qarşılıqlı hörmətə və faydaya əsaslanan xarakterini təmin etmək mümkün olub”, – deyə o vurğulayıb.

    Sərdar Berdiməhəmmədov bildirib ki, MDB ölkələri arasında ticari-iqtisadi əlaqələr ardıcıl inkişaf edir, xüsusilə son illərdə ümumi ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur.

    Onun sözlərinə görə, siyasi-diplomatik əməkdaşlığın gündəliyi də genişlənir. MDB formatı aktual beynəlxalq məsələlər üzrə diplomatik məsləhətləşmələrin aparılması üçün əlverişli platforma kimi özünü doğruldub.

    Türkmənistan Prezidenti humanitar əlaqələrin mədəniyyət, elm, təhsil, idman, turizm və digər mühüm sahələri əhatə etdiyini söyləyib. O qeyd edib ki, bu əməkdaşlıq MDB xalqları arasında qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsinə xidmət edir, dövlətlərarası münasibətləri əhəmiyyətli dərəcədə tamamlayır. Sərdar Berdiməhəmmədov parlamentlərarası əməkdaşlığın da nəzərəçarpacaq dərəcədə fəallaşdığını bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    08 Oktyabr 2026