Avropa İttifaqına üzv ölkələrin səfirləri Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətinin uzadılması ilə bağlı razılığa gələ bilməyiblər.
Bakıvaxtı.az xəbər verir ki, “Politico”nun diplomatlara istinadən yaydığı məlumata görə, məsələ ilə bağlı müzakirələr davam etdiriləcək və səfirlər daha sonra yenidən görüşəcəklər.
Hazırkı sanksiyaların müddəti isə çərşənbə axşamı başa çatır.
Nəşrin məlumatına görə, Slovakiya rusiyalı iş adamları Mixail Fridman və Əlişir Usmanovun sanksiya siyahısından çıxarılmasını tələb edib. Fransa isə yalnız Usmanovun siyahıdan çıxarılmasını təklif edib.
Müzakirələrdə sanksiyaların uzadılma müddəti də fikir ayrılığı yaradıb. Söhbət məhdudiyyətlərin əvvəlki kimi altı ay, yoxsa 12 ay müddətinə uzadılmasından gedir. Slovakiyanın daha uzunmüddətli uzadılmanı dəstəkləməyə hazır olmadığı bildirilir.
Qeyd edək ki, Rusiyaya qarşı sanksiyaların uzadılması üçün Aİ-yə üzv bütün ölkələrin yekdil razılığı tələb olunur. Fransanın da Usmanovla bağlı sanksiyaların ləğvini dəstəkləməsi yekun razılaşmanın əldə olunmasını daha da çətinləşdirə bilər.
Murad İsmayıl
















