Körfəz regionunda baş verən son hadisələr ərəb dövlətlərinin təhlükəsizlik siyasətində ciddi dəyişikliklərin başlandığını göstərir. Husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumları, Hörmüz boğazında gəmiçiliyin risk altına düşməsi və BƏƏ ilə Qətərin təhlükəsizlik sahəsində özünütəminetmə çağırışları artıq ayrı-ayrı hadisələr kimi qiymətləndirilə bilməz.
Bütün bunlar Körfəz ölkələrinin uzun illər arxalandığı ABŞ təhlükəsizlik çətirinin yetərli olub-olmaması barədə müzakirələri gücləndirir. Region dövlətləri anlayırlar ki, xarici hərbi bazaların mövcudluğu təhlükənin avtomatik şəkildə aradan qaldırılması demək deyil.
Uzun müddət Körfəzdə qeyri-rəsmi bir anlaşma mövcud olub: ərəb monarxiyaları enerji bazarlarında sabitliyi qoruyur, ABŞ isə onların təhlükəsizliyini təmin edir. Lakin Vaşinqtonun diqqətini getdikcə Çinlə rəqabətə və Hind-Sakit okean regionuna yönəltməsi bu modelin davamlılığını şübhə altına alıb. ABŞ bölgədəki hər böhrana birbaşa müdaxilə etmək istəmir və müttəfiqlərinin təhlükəsizliyini daha çox öz imkanları hesabına təmin etməsini gözləyir. Buna görə də Körfəz paytaxtlarında “ABŞ bizi hər şəraitdə qoruyacaqmı” sualı getdikcə daha açıq səsləndirilir.
Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərin milli müdafiə imkanlarını genişləndirməsi məhz bu narahatlığın nəticəsidir. Söhbət yalnız yeni silahların alınmasından deyil, ortaq hava və raketdən müdafiə sisteminin, vahid erkən xəbərdarlıq mexanizminin və kəşfiyyat məlumatlarının mübadiləsinin yaradılmasından gedir. Bununla belə, Körfəz Əməkdaşlıq Şurasının üzvləri arasında xarici siyasət prioritetləri və regional rəqiblərə münasibət baxımından fərqlər qalır. Buna görə vahid təhlükəsizlik sistemi qurmaq texniki məsələdən daha çox siyasi etimad problemi olacaq.
Dəyişiklik enerji və nəqliyyat siyasətində də özünü göstərir. BƏƏ və digər Körfəz ölkələri neft və qaz ixracını yalnız Hörmüz boğazından asılı vəziyyətdə saxlamaq istəmirlər. Alternativ limanların, boru xətlərinin, dəmir yollarının və Qırmızı dənizə çıxan marşrutların inkişaf etdirilməsi regionun iqtisadi təhlükəsizlik strategiyasının əsas hissəsinə çevrilir. Beləliklə, enerji infrastrukturu kommersiya məsələsi olmaqdan çıxaraq dövlətlərin siyasi müstəqilliyini və böhranlara davamlılığını müəyyən edən strateji alətə çevrilir.
Səudiyyə Ərəbistanının ABŞ ilə nüvə əməkdaşlığını genişləndirməsi də yeni regional balansın mühüm elementidir. Riyad bunu enerji mənbələrinin şaxələndirilməsi və dinc atom texnologiyalarının inkişafı ilə əsaslandırsa da, uranın zənginləşdirilməsi imkanının yaranması siyasi baxımdan daha böyük məna daşıyır. Burada İran faktoru meydana çıxır: Tehranın nüvə imkanları genişləndikcə Səudiyyə Ərəbistanı eyni texnoloji və strateji imkanlardan məhrum qalmaq istəmir. Bu rəqabət gələcəkdə Yaxın Şərqdə nüvə texnologiyaları uğrunda daha geniş yarışın başlanmasına səbəb ola bilər.
Nəticədə İran bu prosesin əsas mövzusu deyil, lakin Körfəzdəki dəyişiklikləri sürətləndirən başlıca amillərdən biridir. Tehranın raket imkanları, Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə etməsi və husilərlə əlaqələri ərəb dövlətlərini daha sıx təhlükəsizlik əməkdaşlığına sövq edir. Bu mənada İranın rəqiblərini parçalamağa hesablanan siyasəti əks nəticə verərək onların ortaq müdafiə mexanizmi yaratmasını sürətləndirə bilər. Yaranmaqda olan yeni sistem ABŞ-ın regiondan tamamilə çıxması deyil, Körfəz dövlətlərinin Vaşinqtondan asılılığı azaltmağa və daha müstəqil siyasi gücə çevrilməyə çalışması deməkdir.
Züriyə Qarayeva
















