8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunan razılaşma Azərbaycan-Ermənistan münasibətlərində uzun illər davam edən münaqişədən postmünaqişə mərhələsinə keçidin ən mühüm siyasi nöqtələrindən biri oldu.
Həmin gün Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı, ABŞ Prezidenti Donald Tramp isə sənədə şahid qismində imza atdı. Eyni zamanda, Azərbaycan və Ermənistan xarici işlər nazirləri “Sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətnini parafladılar.
Bir il sonra həmin hadisəyə nəzər saldıqda görünür ki, Vaşinqton görüşü sadəcə diplomatik mərasim deyil, Cənubi Qafqazda yeni siyasi və iqtisadi arxitekturanın formalaşdırılması istiqamətində dönüş nöqtəsi idi. Xüsusilə nəzərə almaq lazımdır ki, bu prosesdə sülh gündəliyinin əsas konseptual çərçivəsi hələ 2022-ci ildə məhz Azərbaycan tərəfindən irəli sürülmüşdü.

Azərbaycanın irəli sürdüyü beş baza prinsipi əslində gələcək münasibətlərin hüquqi-siyasi çərçivəsini müəyyənləşdirirdi. Bunlar tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı tanıması; bir-birinə qarşı ərazi iddialarının olmadığını təsdiqləməsi və gələcəkdə belə iddialar irəli sürməməsi; güc tətbiqindən və güclə hədələmədən çəkinməsi; dövlət sərhədinin delimitasiya və demarkasiyasının həyata keçirilməsi və diplomatik münasibətlərin qurulması; nəqliyyat və digər kommunikasiyaların açılması və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın yaradılmasını nəzərdə tuturdu. Əhəmiyyətli məqam ondan ibarətdir ki, bu prinsiplər Azərbaycanın birtərəfli siyasi üstünlük əldə etməsinə deyil, beynəlxalq hüququn fundamental normalarına əsaslanırdı. Sonrakı danışıqların məhz bu çərçivəyə yaxınlaşması Bakının postmünaqişə dövründə irəli sürdüyü siyasi gündəliyin dayanıqlılığını göstərdi.
Vaşinqton razılaşmasının mühüm nəticələrindən biri də sülh prosesinin artıq keçmiş münaqişənin idarə olunması deyil, iki suveren dövlət arasında münasibətlərin qurulması məntiqinə keçirilməsi oldu. Birgə Bəyannamədə beynəlxalq sərhədlərin toxunulmazlığı, ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyi və keçmiş revanş cəhdlərinin rədd edilməsi xüsusi şəkildə təsbit edildi. Bununla paralel, Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupu və onunla əlaqəli strukturlarının bağlanması üçün birgə müraciət etdilər. Beləliklə, uzun illər münaqişənin mövcudluğuna əsaslanan diplomatik mexanizmdən imtina edilərək yeni regional reallığın beynəlxalq səviyyədə rəsmiləşdirilməsi istiqamətində addım atıldı. Bu mənada 8 avqust sənədlərinin siyasi mahiyyəti yalnız Azərbaycan-Ermənistan münasibətlərini deyil, bütövlükdə Cənubi Qafqazın gələcək təhlükəsizlik modelini əhatə edir.

Vaşinqton görüşünün digər strateji nəticəsi TRIPP - “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin gündəliyə daxil edilməsi idi. Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz bağlantının təmin olunması açıq şəkildə göstərildi və Ermənistanın ABŞ və qarşılıqlı müəyyən ediləcək üçüncü tərəflərlə TRIPP layihəsinin çərçivəsinin hazırlanması istiqamətində əməkdaşlığı nəzərdə tutuldu. Bu, Azərbaycan üçün Naxçıvanla quru bağlantısının təmin edilməsindən daha geniş geoiqtisadi məna daşıyır. Marşrut fəaliyyətə başladığı halda Azərbaycan-Naxçıvan-Türkiyə xətti, Orta Dəhliz və daha geniş Şərq-Qərb nəqliyyat sistemi arasında yeni bağlantı yaranacaq. 2026-cı ilin fevralında Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında da TRIPP-in Orta Dəhlizlə əlaqəli multimodal bağlantı layihəsi kimi əhəmiyyətinin ayrıca vurğulanması göstərir ki, məsələ artıq yalnız siyasi bəyanat səviyyəsində deyil, daha geniş strateji əməkdaşlıq gündəliyinə daxil edilib.
TRIPP-in həyata keçirilməsi Ermənistan üçün də mühüm iqtisadi imkanlar yarada bilər. Uzun illər regional təcrid və qapalı sərhədlərin yaratdığı məhdudiyyətlərdən sonra Ermənistan Azərbaycan və Türkiyə üzərindən daha geniş nəqliyyat və ticarət sisteminə inteqrasiya imkanları əldə edə bilər. Məhz buna görə Azərbaycan tərəfindən irəli sürülən yanaşmada kommunikasiyaların açılması yalnız Bakı üçün strateji qazanc deyil, qarşılıqlı fayda prinsipi üzərində qurulan regional model kimi təqdim olunur. Digər tərəfdən, TRIPP Cənubi Qafqazın geosiyasi xəritəsinə də təsir göstərir: ABŞ-nin regional bağlantı layihəsində iştirakının artması, Türkiyənin Orta Dəhlizdə mövqeyinin güclənməsi, Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Türkiyə-Avropa xəttinin əhəmiyyətinin yüksəlməsi regionun ənənəvi tranzit və təsir balansını dəyişdirə bilər. Bu baxımdan layihənin əhəmiyyəti təkcə dəmir yolu və avtomobil yolunun açılması ilə məhdudlaşmır; söhbət Cənubi Qafqazın beynəlxalq logistika, enerji və ticarət sistemində yeni mövqe qazanmasından gedir.

8 avqust Vaşinqton görüşündən bir il sonra əsas nəticə ondan ibarətdir ki, Azərbaycan 2020-ci ildən sonra hərbi-siyasi müstəvidə formalaşdırdığı yeni reallığı mərhələli şəkildə diplomatik və iqtisadi mexanizmlərlə möhkəmləndirməyə çalışır. Əgər 44 günlük müharibədən sonrakı ilk mərhələnin əsas məsələsi ərazi bütövlüyü və suverenliyin təmin olunması idisə, növbəti mərhələnin əsas mövzuları hüquqi sülhün rəsmiləşdirilməsi, sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması və qarşılıqlı iqtisadi asılılıq yaradan regional sistemin qurulmasıdır. Bu baxımdan Azərbaycanın irəli sürdüyü beş prinsip siyasi-hüquqi bazanı, TRIPP isə həmin sülh modelinin iqtisadi və kommunikasiya dayaqlarından birini təşkil edir. Qarşıdakı mərhələdə əsas məsələ razılaşdırılmış sülh mətninin tam hüquqi qüvvəyə minməsi üçün zəruri addımların tamamlanması və əldə edilmiş razılaşmaların praktik icrasıdır. Əgər bu proses ardıcıl şəkildə həyata keçirilərsə, 8 avqust 2025-ci il gələcəkdə yalnız bir sənədin imzalandığı tarix kimi deyil, Azərbaycan-Ermənistan qarşıdurmasının regional əməkdaşlıq modelinə transformasiyasının əsas siyasi mərhələlərindən biri kimi qiymətləndirilə bilər.
Züriyə Qarayeva
Bakı 



