• Bakı 12° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

İranın müxtəlif bölgələrində hava hücumları qeydə alınıb

DÜNYA

26 Mart 2026 | 10:21

İranın müxtəlif bölgələrində hava hücumları qeydə alınıb

Tehran da daxil olmaqla, İranın bir sıra iri şəhərlərinə kütləvi hava zərbələri endirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ash-Sharq" telekanalı məlumat yayımlayıb.

Mənbənin məlumatına əsasən, hazırda paytaxt Tehranda, Məşhəddə, İsfahanda, cənubda yerləşən Şirazda və İran körfəzindəki ən böyük liman şəhərlərindən sayılan Bəndər Abbasda intensiv bombardmanlar həyata keçirilir.

"Fars" informasiya agentliyinin məlumatında isə qeyd edilir ki, gerçəkləşdirilən hava hücumlarının yaratdığı dağıntılar və ehtimal edilən insan itkiləri barədə indiyədək heç bir məlumat təqdim olunmasa da İsfahan şəhərində iki yaşayış massivinə edilən hava hücumu səbəbindən bir sıra binalar tamamilə uçub:

"Səhər saatlarından başlayan hava hücumu zamanı əlavə bir neçə tikiliyə də ağır zərər dəyib. Partlayışlar zamanı xəsarət alan bir qrup şəxs müalicə üçün yerli xəstəxanalara təxliyə edilib. Hazırda xilasedicilər dağılmış binaların ərazisində təmizləmə və axtarış işlərini həyata keçirirlər".

İsfahanla paralel olaraq, İranın Bəndər Abbas liman şəhərinin də hava zərbələrinə məruz qaldığı və orada yaşayış binasının uçduğu bildirilir. Lakin, bu ərazidəki ehtimal olunan insan itkisi haqqında indiyədək heç bir rəsmi informasiya verilməyib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.


SON XƏBƏRLƏR

25 Mart 2026