• Bakı 18° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Firəngiz Əlizadə: “Məktəbə yeni gedən qızlara zorla baş örtüyü taxdırmaq düzgün deyil”

SİYASƏT

11 Oktyabr 2026 | 12:05 | Müəllif: Əli Hüseynov

Firəngiz Əlizadə: “Məktəbə yeni gedən qızlara zorla baş örtüyü taxdırmaq düzgün deyil”

Baş örtüsü məsələsi kifayət qədər mürəkkəbdir və ona yanaşarkən uşaqların yaşını, düşüncə tərzini və qərarvermə qabiliyyətini nəzərə almaq lazımdır.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı mövzuya münasibət bildirərkən deyib.

Firəngiz Əlizadənin sözlərinə görə, məktəbə yeni başlayan qızlar, əsasən, 6-7 yaşlarında olduqları üçün bu yaşda özləri ilə bağlı belə bir qərarı müstəqil şəkildə vermək imkanına malik deyillər. Onun fikrincə, uşaqların gələcəkdə hansı həyat yolunu seçəcəkləri barədə qərar vermələri üçün müəyyən yaşa çatmaları və dünyagörüşlərinin formalaşması vacibdir.

“Bu məsələ barədə çox düşündüm və hesab edirəm ki, bu, çox çətin məsələdir. Mənim fikrim belədir ki, Azərbaycan qızları məktəbə gedəndə hələ 7 yaşlarında olurlar. Bu yaşda onlar belə qərarlar vermək üçün çox kiçikdirlər. Hətta uşaqlar məktəbə 6 yaşında da gedirlər. Ona görə də onların bu barədə qərar verməsini gözləmək lazımdır”, – deyə o bildirib.

Bəstəkar vurğulayıb ki, uşaqlar böyüdükcə öz düşüncələri, həyata baxışları və şəxsi mövqeləri formalaşır. Bu baxımdan, onun fikrincə, dini və şəxsi seçimlərlə bağlı qərarlar da uşaqların yaşına və yetkinlik səviyyəsinə uyğun şəkildə verilməlidir.

Firəngiz Əlizadə hesab edir ki, bu məsələdə valideynlərin də rolu böyükdür. Bununla belə, o, azyaşlı qızlara məktəbə başladıqları ilk illərdən etibarən məcburi şəkildə baş örtüyü taxdırılmasını düzgün hesab etmir.

“Bu, valideynlərdən də asılıdır. Amma məktəbə yeni gedən qızlara zorla baş örtüyü taxdırmaq düzgün deyil. Onlar hələ qərar verə bilməzlər. Gözləmək lazımdır ki, məktəbi bitirsinlər, şəxsiyyətləri formalaşsın, dünyagörüşləri və həyata yanaşmaları müəyyənləşsin. Bundan sonra özləri qərar verməlidirlər. Təbii ki, valideynləri ilə birlikdə bu barədə düşünə bilərlər, amma belə bir seçimə tələsmək lazım deyil”, – deyə Xalq artisti qeyd edib.

Firəngiz Əlizadənin fikrincə, uşaqların gələcək seçimləri onların yaşına, düşüncəsinə və formalaşmış mövqelərinə əsaslanmalıdır. O hesab edir ki, bu cür həssas məsələlərdə uşaqların fərdi inkişafını və qərarvermə imkanlarını nəzərə almaq vacibdir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR