q
  • Bakı 18° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Azərbaycan animasiyası yenidən nəfəs alır - ANİMAFİLM-dən REPORTAJ

REPORTAJ

14 May 2026 | 16:05

Azərbaycan animasiyası yenidən nəfəs alır - ANİMAFİLM-dən REPORTAJ

Bir vaxtlar Azərbaycan animasiyası səssiz emalatxanalarda doğulurdu. Köhnə kinostudiyaların dar otaqlarında rəssamlar hərəkət etməyən rəsmlərə nəfəs verməyə çalışırdılar. Kağız üzərində çəkilmiş bir göz qırpımı, bir uşağın təbəssümü, bir quşun qanad çalması bəzən günlərlə davam edən zəhmətin nəticəsi olurdu. O dövrdə animasiya texnologiya yox, səbir sənəti idi.

Azərbaycan animasiyasının tarixi də məhz belə başlayıb - əl işi kimi, incə və səssiz. Sovet dövründə "Azərbaycanfilm" Kinostudiyasının nəzdində yaradılan animasiya bölməsi illərlə uşaqların yaddaşında qalan filmlər ərsəyə gətirdi. “Cırtdan”, “Tıq-tıq xanım”, “Meşəyə insan gəlir”, “Ağ və qara” kimi ekran əsərləri təkcə cizgi filmi deyildi; onlar bir nəslin uşaqlıq yaddaşı idi. Həmin filmlərdə Azərbaycanın nağılları danışırdı, xalça ornamentləri hərəkətə gəlirdi, milli musiqi şəkillərin içində yaşayırdı.

Amma illər keçdikcə texnologiya dəyişdi, kino bazarı sərtləşdi, animasiya isə uzun müddət kölgədə qaldı. Bir vaxtlar kinostudiyaların işıqlı masalarında canlanan qəhrəmanlar susdu. Azərbaycan animasiyası sanki uzun bir yuxuya getdi.

Bu səbəbdən 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına daxil olanda hiss edilən ilk şey sadəcə festival ab-havası deyildi. Bu, illər sonra yenidən nəfəs almağa başlayan bir sənətin ritmi idi.

Mayın 13-dən 17-dək Bakıda keçirilən festival şəhəri bir neçə günlüyünə rəngli kadrlara çevirmişdi. Küçələrdə festival nişanları görünür, foyelərdə müxtəlif dillərdə danışan animatorlar mübahisə edir, kinosevərlər nümayiş saatlarını müzakirə edirdi. Mən də tədbirlərin keçirildiyi məkanlarda dolaşdıqca hiss edirdim ki, burada söhbət təkcə filmlərdən getmir. Burada insanlar xəyal qurmağın gələcəyini müzakirə edirlər.

Festivalın əsas məkanlarından olan Nizami Kino Mərkəzində nümayiş olunan filmlər animasiyanın artıq çoxdan “yalnız uşaqlar üçün” janrı olmadığını göstərirdi. Bir zalda müharibənin insan ruhunda açdığı yaraları danışan eksperimental film göstərilir, digər zalda isə səssiz bir qızın dənizlə qurduğu metaforik münasibət ekrana gəlirdi. Animasiya burada əyləncə yox, bəzən poeziya, bəzən fəlsəfə, bəzən də etiraz forması idi.

Bu ilin əsas mövzusu “Dəniz” idi. Festival boyu bu mövzu müxtəlif formalarda qarşımıza çıxırdı. Bəzən filmlərdə, bəzən sərgilərdə, bəzən də sadəcə atmosferdə. Xüsusilə “Suraxanı” gəmi-muzeyində keçirilən tədbirlər həmin konsepsiyanı daha canlı hiss etdirirdi. Dəmir gövdəli gəminin içində animasiya haqqında danışmaq qəribə hiss idi - sanki filmlər də dəniz kimi sərhədsiz idi.

Festival direktoru Rəşid Ağamalıyevin çıxışlarında tez-tez bir fikir hiss olunurdu: Azərbaycan animasiyası artıq yalnız keçmişin nostaljisi olmaq istəmir. O, yenidən öz gələcəyini qurmağa çalışır.

Bu cəhdlər festivalın proqramında da açıq görünürdü. Xarici animatorlarla görüşlər, ustad dərsləri, beynəlxalq pitçinq müsabiqəsi, gənc müəlliflərin təqdimatları - bütün bunlar ANİMAFİLM-in sadəcə film nümayiş etdirmədiyini göstərirdi. Festival yeni animator nəsli formalaşdırmağa çalışır.

Ən çox diqqət çəkən məqamlardan biri isə yerli layihələr idi. “İsi və Piti” animasiya serialının təqdimatı zamanı uşaqların reaksiyası göstərirdi ki, Azərbaycan artıq öz yeni animasiya qəhrəmanlarını yaratmağa başlayır. “Yulaf dönərgə” qısametrajlı filmi isə eksperimental dili ilə seçilirdi. Bu filmlərdə təkcə texniki inkişaf yox, müəllif cəsarəti də hiss olunurdu.

Festivalın beynəlxalq miqyası da kifayət qədər böyük idi. Bu il dünyanın 60-dan çox ölkəsindən yüzlərlə film göndərilib. Müxtəlif mədəniyyətlərin eyni festivalda görüşməsi maraqlı mənzərə yaradırdı. Bir neçə saat ərzində həm Latın Amerikası üslubunda çəkilmiş emosional bir animasiya izləmək, həm Skandinaviya minimalizmini görmək, həm də Şərq vizual estetikasını hiss etmək mümkün idi.

ANİMAFİLM-in ən vacib tərəflərindən biri isə onun yalnız Bakı ilə kifayətlənməməsidir. Son illərdə Şəkidə, Naxçıvanda, Lənkəranda, Gəncədə, Xankəndidə və Laçında keçirilən tədbirlər göstərir ki, təşkilatçılar animasiyanı regionlara da aparmağa çalışırlar. Çünki animasiya yalnız böyük şəhərlərin sənəti deyil. O, təsəvvür qura bilən hər uşağın dünyasıdır.

Festivaldan çıxarkən məndə qəribə bir hiss qaldı. Sanki Azərbaycan animasiyası uzun illər qaranlıq otaqda qalmış köhnə proyektor kimi yenidən işə düşür. Hələ zəif işıq saçır, bəzən titrəyir, bəzən səsi kəsilir. Amma işləyir. Və ən vacibi -yenidən hekayə danışmağa başlayır.

Əli Hüseynov

Fotolar müəllifə məxsusdur


SON XƏBƏRLƏR