q
  • Bakı 19° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Adil Kərimli ICESCO Baş Konfransının 15-ci sessiyasında çıxış edib

MƏDƏNİYYƏT

14 May 2026 | 17:12

Adil Kərimli ICESCO Baş Konfransının 15-ci sessiyasında çıxış edib

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti 13–14 may tarixlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, sessiyada çıxış edən nazir əvvəlcə yenidən ICESCO-nun baş direktoru vəzifəsinə seçilən Salim bin Məhəmməd əl-Maliki təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Adil Kərimli çıxışında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ICESCO ilə əməkdaşlığa xüsusi önəm verir və təşkilatla əlaqələrin daha da dərinləşdirilməsini dəstəkləyir. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və mədəni irsin qorunması istiqamətində ICESCO ilə birgə layihələrin genişləndirildiyini qeyd edib.

Nazir vurğulayıb ki, Şuşa şəhərinin 2024-cü il üçün “İslam Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması, eləcə də Ağdamdakı “İmarət” Kompleksi və Şuşa Şəhər Dövlət Qoruğunun ICESCO-nun İslam Dünyasının İrs Siyahısına daxil edilməsi əməkdaşlığın mühüm göstəricilərindəndir.

Adil Kərimli əlavə edib ki, ICESCO-nun Bakıda regional ofisinin açılması Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə — o cümlədən Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanla — mədəni və elmi əməkdaşlığının güclənməsinə töhfə verəcək.

Çıxışda həmçinin Heydər Əliyev Fondu ilə ICESCO-nun birgə təsis etdiyi “Natəvan Mədəni İrs Mükafatı”ndan bəhs olunub. Nazir bu təşəbbüsün mədəni dialoq və əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirib.

Sonda Adil Kərimli ICESCO-nun 2008-ci ildən etibarən Azərbaycanın təşəbbüsü ilə formalaşan “Bakı Prosesi”nin əsas tərəfdaşlarından biri olduğunu xatırladaraq, iştirakçıları bu platforma çərçivəsində oktyabrda Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.


SON XƏBƏRLƏR