• Bakı 13° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Sülh unutmaq deyil: Ermənistandan təzminat tələbi yenidən gündəmdə

SİYASƏT

31 Mart 2026 | 13:59

Sülh unutmaq deyil: Ermənistandan təzminat tələbi yenidən gündəmdə

“Məlumdur ki, tarix boyu ermənilər xalqımıza qarşı müxtəlif təcavüzlər, terror və soyqırımı aktları törədiblər. 44 günlük müharibə ərəfəsində də yenidən buna cəhd etdilər. Əgər fürsət olsaydı, yenə də növbəti genosidi törədəcəkdilər”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib.

Onun sözlərinə görə, sadəcə Azərbaycan Prezidentinin qətiyyətli siyasəti və güclü dövlətin olması müharibədə ermənilərin öz məqsədinə nail olmasının qarşısını aldı və işğal edilmiş torpaqlarımız azad edildi:

“Hazırda isə sülh prosesi davam edir. Sülh və sabitlik nəinki ölkəmiz üçün, ümumiyyətlə regiona vacibdir. Ancaq sülh o demək deyil ki, tariximizi silib atmalı və unutmalıyıq. Ermənistanda qondarma “soyqırımı abidəsi” var və dünyanın bir çox xristian siyasiləri oranı ziyarət edirlər. Çünki Osmanlı dövləti bütün xristian aləminin hədəfində olub və “soyqırımı” iddiası edən erməniləri səlibçilik təfəkküründən xilas ola bilməyən Avropa ölkələri hər zaman müdaifə edib. Halbuki “erməni soyqırımı” olmayıb. Onlar bu iddianı özlərinin türk soyqırımı aktlarını həyata keçirmək üçün qabaqlayıcı tədbir kimi ortaya atıblar”.

Müsahibimiz vurğulayıb ki, sülh öz yerində, amma xalqımıza qarşı törədilmiş soyqırımı aktlarına görə də Ermənistan dövləti Azərbaycana təzminat ödəməlidir.  Dediyinə görə, bunun dünyada hüquqi həlli bu cürdür:

“Almaniya hələ də İsrailə təzminat ödəyir, güzəştlər edir. Hesab edirəm ki, bu məsələlər tədricən öz həllini tapmalıdır. Abidələr, ziyarət, xatırlama olmalı, qalmalıdır. Qan yaddaşını əsla unutmaq olmaz”.

Tural İrfan: Bütün cinayətləri sülh prosesinə qurban vermək də olmaz

Bununla yanaşı, analitik hesab edir ki, hazırda gedən proseslərə uyğun olaraq hər məsələni yersiz qabardaraq digər məsələlərə xələl gətirmək olmaz:

“Beynəlxalq aləmin ədalətli qərar verməsi üçün hadisəni təqdim etmək lazımdır. Səmərəli olacaq addım törədilmiş genosidə görə Ermənistanın boynuna öhdəliklərin qoyulması və təzminatın ödənməsidir. Əks halda bütün bu cinayətləri sülh prosesinə qurban vermək də olmaz. Ən azı ona görə ki, gələcəkdə əllərinə tarixi fürsət düşən kimi ermənilər yenidən daha dəhşətli genosid törətməyə cəhd etməsinlər”.

Aydın Baxış


SON XƏBƏRLƏR