Xəbər verdiyimiz kimi, Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı 21-ci sanksiya paketinin qəbul edilməsindən sonra Rusiyanın “Zolotaya Korona” ödəniş sistemi Ermənistan, Azərbaycan, Gürcüstan və bir sıra digər ölkələrə pul köçürmələrini dayandırıb. Sistemin rəsmi saytında Rusiyadan onlayn köçürmələr üçün mövcud olan ölkələrin siyahısında yalnız Özbəkistan, Türkiyə və Qırğızıstan qalıb.
Qeyd etmək lazımdır ki, Avropa sanksiyaları “Zolotaya Korona” ödəniş sisteminin operatoru olan Ödəniş Mərkəzinə də tətbiq edilib.
Bir sözlə, Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıb.
Məsələnin Azərbaycan iqtisadiyyatına təsirləri barədə Bakıvaxtı.az-a danışan iqtisad-elmləri doktoru (Azərbaycan, Türkiyə, Rusiya), beynəlxalq nüfuzlu professor Zahid Məmmədov qeyd edib ki, bu qərar ilk növbədə Rusiyada yaşayan və işləyən Azərbaycan vətəndaşlarına təsir göstərəcək. Müsahibimiz bildirib ki, uzun illərdir, “Zolotaya Korona” aşağı komissiya və sürətli xidmətinə görə Rusiyadan Azərbaycana şəxsi pul köçürmələrinin əsas kanallarından biri hesab olunurdu:
“Bu kanalın bağlanması alternativ ödəniş sistemlərinə tələbatı artıracaq, köçürmələrin maya dəyərinin yüksəlməsi və əməliyyatların müddətinin uzanması ilə nəticələnə bilər”.
Bununla belə, onun sözlərinə görə, bu, Rusiyadan Azərbaycana bütün pul köçürmələrinin dayandırılması demək deyil. İqtisadçı vurğulayıb ki, digər banklar və beynəlxalq ödəniş sistemləri vasitəsilə köçürmələr davam edir. Lakin onların fəaliyyəti də beynəlxalq sanksiyalar, müxbir bank münasibətləri və tərəfdaş maliyyə institutlarının risk siyasətindən asılı olacaq.

Zahid Məmmədov: “Zolotaya Korona”nın bağlanması köçürmələrin maya dəyərinin yüksəlməsinə səbəb olacaq
Z.Məmmədovun qənaətincə, məsələnin daha mühüm tərəfi ondan ibarətdir ki, geosiyasi sanksiyalar artıq yalnız iri dövlət banklarını deyil, gündəlik maliyyə xidmətləri göstərən ödəniş platformalarını da əhatə edir:
“Bu isə beynəlxalq ödəniş infrastrukturunun yenidən formalaşdığını göstərir. Belə şəraitdə Azərbaycan üçün alternativ ödəniş kanallarının şaxələndirilməsi, milli rəqəmsal ödəniş sistemlərinin inkişafı və beynəlxalq maliyyə tərəfdaşlıqlarının genişləndirilməsi strateji əhəmiyyət kəsb edir”.
Eyni zamanda, professor onu da əlavə edib ki, mövcud vəziyyət Azərbaycanın maliyyə sektorunun xarici risklərə qarşı dayanıqlığının artırılması və regional ödəniş mexanizmlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların aktuallığını bir daha təsdiqləyir.
Aydın Baxış
Bakı 



