Qəbələ rayonunda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol qəzasının təfərrüatları üzə çıxıb.
Bakıvaxtı.az xatırladır ki, hadisə bu il yanvarın 6-da saat 21 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində qeydə alınıb. Əldə etdiyimiz məlumata görə, “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca çırpmış Rafael Əzizov həmin gün maşını DYP-nin cərimə meydançasından çıxarıbmış.
Belə ki, üzərində məhkumluğu olan və ayağına elektron qolbaq taxılmış Rafael həmin gün Ağdaş rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilmiş avtomobilini 221 manat cərimə məbləğini ödəyərək götürüb.
O, daha sonra yaşadığı Qəbələ rayonuna gedib və tanışları ilə Ağdaşa qayıdanda dəhşətli qəza baş verib.
Nəticədə avtomobildə olan sərnişinlərdən Məhəmməd Qafarov və sürücü xəsarət alıb, digər sərnişin, 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xəsarətlərdən ölüb.
Qəbələ rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli hökmü ilə Rafael Əzizov 5 il 2 ay müddətinə həbs cəzasına məhkum edilib.
O, məhkəmə zalındaca həbs edilib.
Kərim Abbaszadə
















