Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Sinqapura işgüzar səfəri Tbilisinin xarici siyasətində iqtisadi diplomatiyanın prioritet istiqamətlərindən birinə çevrildiyini göstərir. Səfər çərçivəsində Sinqapur rəhbərliyi ilə keçirilən görüşlərdə ticarət, investisiya, rəqəmsal iqtisadiyyat, logistika və yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Sinqapurun Asiya-Sakit okean regionunun aparıcı maliyyə və logistika mərkəzlərindən biri olması Gürcüstan üçün yeni investisiyalar cəlb etmək, iqtisadiyyatını şaxələndirmək və qlobal ticarət marşrutlarında mövqeyini gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu, eyni zamanda Tbilisinin Avropa ilə yanaşı Asiya istiqamətində də fəal və çoxşaxəli xarici iqtisadi siyasət yürütmək niyyətini nümayiş etdirir.
Səfər zamanı Kobaxidzenin səsləndirdiyi “Azərbaycanla sıx əlaqələrimiz var və bu münasibətləri daha da inkişaf etdirmək istəyirik” məzmunlu bəyanat xüsusi diqqət çəkir. Bu fikir göstərir ki, Gürcüstan yeni tərəfdaşlıqlar qurmağa çalışsa da, regiondakı ən vacib strateji tərəfdaşlarından biri kimi Azərbaycanı görməyə davam edir. Baş nazir həmçinin Mərkəzi Asiya ölkələri, Türkiyə və Ermənistanla da əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayaraq Gürcüstanın regionda balanslaşdırılmış və çoxtərəfli əməkdaşlıq modelinə üstünlük verdiyini nümayiş etdirib. Bu yanaşma Cənubi Qafqazın vahid iqtisadi və nəqliyyat məkanı kimi inkişaf etdirilməsi məqsədinə də xidmət edir.
Azərbaycan və Gürcüstan arasında formalaşmış strateji tərəfdaşlıq artıq uzun illərdir ki, regional sabitliyin əsas dayaqlarından biri hesab olunur. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri və beynəlxalq tranzit marşrutları sahəsində həyata keçirilən birgə təşəbbüslər hər iki ölkənin geoiqtisadi əhəmiyyətini artırıb. Xüsusilə Orta Dəhlizin inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və digər regional layihələr Avropa ilə Asiya arasında etibarlı əlaqələrin qurulmasında Azərbaycan və Gürcüstanı əsas tərəfdaşlara çevirib. Bu baxımdan Gürcüstanın Asiya ölkələri ilə əlaqələrinin genişlənməsi həmin layihələrin iqtisadi səmərəliliyini daha da artırmaq potensialına malikdir.
Mövcud geosiyasi şəraitdə dövlətlərin təkcə siyasi deyil, iqtisadi tərəfdaşlıqlarını da şaxələndirməyə çalışması qlobal tendensiyaya çevrilib. Gürcüstanın Sinqapur kimi nüfuzlu iqtisadi mərkəzlə əməkdaşlığı dərinləşdirmək istəyi də məhz bu strategiyanın tərkib hissəsidir. Lakin Kobaxidzenin Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi onu göstərir ki, Tbilisi regional əməkdaşlığı yeni qlobal tərəfdaşlıqlarla paralel şəkildə inkişaf etdirmək niyyətindədir. Bu yanaşma yalnız Gürcüstan üçün deyil, Azərbaycan üçün də əlavə iqtisadi imkanlar yarada, Cənubi Qafqazın beynəlxalq ticarət, investisiya və enerji marşrutlarında mövqeyini daha da gücləndirə bilər.
Alim Nəsirov
Bakı 



