• Bakı 31° C

    0.99 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

SECURE UNESCO-ya təqdim edildi

MƏDƏNİYYƏT

24 Iyul 2026 | 13:39

SECURE UNESCO-ya təqdim edildi

Azərbaycanın post-münaqişə dövründə mədəni irsin qorunması və bərpası sahəsində hazırladığı SECURE (Sustainable and Empowering Cultural Revitalization) modeli UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında beynəlxalq ictimaiyyətə təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, iyulun 23-də Cənubi Koreyanın Busan şəhərində keçirilən UNESCO-nun 48-ci Ümumdünya İrs Komitəsinin sessiyası çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Sustainable and Empowering Cultural Revitalization (SECURE) Model: Best Practices for Post-Conflict Cultural Recovery” mövzusunda beynəlxalq panel keçirilib.

Paneldə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə mədəni irsin qorunması, bərpası və yenidən canlandırılması istiqamətində hazırladığı SECURE modeli təqdim olunub. Modelin UNESCO-nun ən nüfuzlu platformalarından birində ayrıca müzakirəyə çıxarılması Azərbaycanın bu sahədə qazandığı təcrübəyə beynəlxalq marağın və etimadın göstəricisi kimi qiymətləndirilib.

Tədbirdə UNESCO-nun Ümumdünya İrs Mərkəzi, ICCROM, ICOMOS və ICESCO-nun nümayəndələri iştirak ediblər.

Paneli açan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bildirib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və mədəni dirçəliş layihələri əsasında formalaşdırılan SECURE modeli digər post-münaqişə ölkələri üçün də tətbiq oluna biləcək innovativ yanaşmadır.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin moderatorluğu ilə keçirilən paneldə beynəlxalq təşkilatların nümayəndələri post-münaqişə şəraitində mədəni irsin qorunması, institusional əməkdaşlıq, potensialın gücləndirilməsi və yerli icmaların prosesə cəlb olunması məsələlərini müzakirə ediblər. Çıxışlarda SECURE modelinin beynəlxalq əməkdaşlıq üçün perspektivli platforma olduğu vurğulanıb, onun müxtəlif ölkələrdə tətbiqi və metodoloji inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.

Qeyd edək ki, SECURE modeli ilk dəfə 2026-cı ildə Bakıda keçirilən XIII Ümumdünya Şəhər Forumunda təqdim edilib. UNESCO-nun Ümumdünya İrs Komitəsində modelə həsr olunan ayrıca panelin təşkili Azərbaycanın post-münaqişə dövründə mədəni irsin bərpası sahəsində formalaşdırdığı təcrübənin beynəlxalq səviyyədə tanınmasının növbəti mühüm göstəricisi hesab olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyul 2026