Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan baş naziri Nikol Paşinyanın respublika ərazisindən qaz tranzitinin təşkili imkanları və bu layihədən əldə ediləcək əlavə iqtisadi mənfəətlər barədə bəyanatlarını yalan adlandırıb.
Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə "BelTA" agentliyi məlumat yayıb.
"Bu yaxınlarda Paşinyanın bəyanatını eşitdim, deyir: "Bəs, borular bizim ərazimizdən keçəcək və bizə haqqı qazla ödəyəcəklər. Həm qazımız, həm də pulumuz çox olacaq". Qulaq asın, bunun nə vaxt reallaşacağı hələ böyük bir sualdır", - deyə Lukaşenko Astanada keçirilən Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Belarus prezidentinin sözlərinə görə, sıravi vətəndaşlar məsələnin təfərrüatlarına dərindən bələd deyillər. Lukaşenko Ermənistan baş nazirinin öz xalqını aldatdığını vurğulayaraq suallar ünvanlayıb:
"Həmin borular haradan və hansı istiqamətdə çəkiləcək? Bilmək istərdim, o, öz xalqına niyə yalan danışır? Hansı borulardan söhbət gedir, bu borular haradan gələcək, o qazı onlara kim verəcək və hansı pullar qazanılacaq?"
Belarus lideri həmçinin diqqətə çatdırıb ki, hazırda Rusiya Ermənistana təbii qazı gömrük rüsumu olmadan, Avropa İttifaqı (Aİ) bazarındakı qiymətlərlə müqayisədə bir neçə dəfə ucuz satır.
"Hər min kubmetr üçün 150-160 dollar. Aİ-də isə təbii qazın min kubmetri 550-650 dollardır. Söhbət yalnız təbii qazdan gedir, mən başqa heç nə demirəm. Əgər puldan danışırıqsa, görün bu nə qədər böyük bir mənfəətdir", - deyə Lukaşenko Ermənistan rəhbərliyinin iddialarını əsassız sayıb.
Bakı 




