Bakıda fəaliyyət göstərən “Heritus Group” logistika şirkətinin əməkdaşı, 1992-ci il təvəllüdlü Orxan Babayev (soyad şərtiir) cinayət məsuliyyətinə cəlb edilib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Orxan barəsində Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü, yəni dələduzluq maddəsi ilə iş açılıb.
Belə ki, şirkətin digər əməkdaşı, insan resursları depertamentinin mütəxəssisi Aysel Əlizadə (ad və soyad şərtidir) polisə müraciət edərək Orxanın ona 15 min manat pul “atdığını” və xarici ölkəyə qaçdığını bildirib.
Araşdırmalar zamanı məlum olub ki, A.Əlizadə Gəncədəki universitetlərdən birində təhsil alarkən, Orxan onu aldadaraq Bakıdakı universitetə köçürəcəyini deyib və pul alıb.
Şikayətçi qız ifadəsində deyib: “Xətai rayonu Babək prospektində yerləşən “Heritus Group” logistika şirkətində insan resursları üzrə mütəxəssis işləyirdim. İşlədiyim müddətdə 2020-ci ilin sentyabr ayında tələbə kimi Azərbaycan Texnologiya Universitetinin komüter mühəndisliyi fakültəsinə qəbul oldum. Universitet Gəncədə yerləşdiyindən və mən Bakıda yaşadığım üçün həmin universitetə getmək istəməirdim, paytaxtdakı universitetlərədn birinə köçürülməyimi istəyirdim. Çalışdığım şirkətdə logist işləyən Orxana bu barədə danışdıqda tanışları vasitəsilə kömək edə biləcəyini dedi, tanışı ilə əlaqə saxlayıb xəbər edəcəyini söylədi. Səhəri gün Orxan 15.000 manat qarşılığında təhsil yerini Bakı şəhərindəki Avrasiya Universitetində biznesin idarə edilməsi fakültəsinə dəyişdirə biləcəyini dedi, mən də bunun yaxşı təklif olduğunu düşünüb razılaşdım. Səhəri gün iş yerində Orxana zərfin içərisində 15.000 manat pul verdim. Orxan məsələnin həll olunacağını bildirdi. Amma bir neçə ay keçsə də, bir irəliləyiş olmadı, may ayında isə Orxan işə gəlməməyə başladı. Onunla əlaqə saxlamaq istəsəm də, əlaqə qura bilmədim və artıq narahat olmağa başlayıb bu barədə şirkətin rəhbərinə məlumat verdim. Rəhbərimiz məni dinlədikdən sonra Orxanın ona da borclu olduğunu, lakin hazırda Orxanla heç bir əlaqəsi olmadığını və tapa bilmədiyini söylədi. Sonradan iş yoldaşlarımdan eşitdiyimə görə Orxan xarici ölkələrdən birinə gedib”.
Araşdırmalar zamanı məlum olub ki, Orxan Azərbacanı tərk edərək Rusiyaya gedib və ölkəyə qayıtdıqda saxlanılıb. O, Ayseldən aldığı pulun 8900 manatını ödəyib.
Cinayət işinin materialları Xətai rayon Məhkəməsinə göndərilib. Məhkəmədə Aysel Orxanda 6100 manat pulunun qaldığını, onun həbs edilməsini istəmədiyini, azadlığın məhdudlaşdırılması cəzasının verilməsini istədiyini deyib.
Xətai rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə 32 yaşlı Orxan Babayev 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun ayağına elektron qolbaq taxılıb və üzərinə bir sıra inzibati qadağalar qoyulub.
Kərim Abbaszadə
















