Azərbaycan və Qırğızıstan arasında imzalanan Müttəfiqlik Münasibətləri haqqında Müqavilə iki ölkə arasında strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Sənədin regional geosiyasi proseslərə, iqtisadi əlaqələrə və türk dünyasında inteqrasiyaya təsiri ekspertlər tərəfindən mühüm hadisə kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, yaxın perspektivdə Azərbaycan–Qırğızıstan münasibətlərində əsas prioritetlər ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi, Orta Dəhliz üzrə birgə fəaliyyətin gücləndirilməsi, enerji, kənd təsərrüfatı, rəqəmsal inkişaf və humanitar sahələrdə yeni layihələrin həyata keçirilməsi olacaq.
Deputatın sözlərinə görə, dövlətlər arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın daha sistemli və davamlı xarakter almasına imkan yaradacaq.
"Türk Dövlətləri Təşkilatı çərçivəsində koordinasiyanın gücləndirilməsi ortaq maraqların müdafiəsində və regional təşəbbüslərin həyata keçirilməsində mühüm rol oynayacaq. Bu, eyni zamanda türk dünyasında siyasi həmrəyliyin və institusional əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək", – deyə A.Əlizadə bildirib.

Arzuxan Əlizadə, deputat
Deputat vurğulayıb ki, bu tərəfdaşlığın regional təhlükəsizlik baxımından etimad mühitinin möhkəmlənməsinə, siyasi sabitliyin qorunmasına və ortaq çağırışlara qarşı birgə fəaliyyət imkanlarının genişlənməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Onun fikrincə, iqtisadi müstəvidə qarşılıqlı investisiyaların artması, ticarət dövriyyəsinin genişlənməsi, yeni nəqliyyat marşrutlarının inkişafı və biznes əlaqələrinin fəallaşması hər iki ölkənin iqtisadi potensialını gücləndirəcək.
"Ümumilikdə, Azərbaycan–Qırğızıstan strateji tərəfdaşlığı təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də türk dünyasında inteqrasiyanın möhkəmlənməsinə, Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitliyin, əməkdaşlığın və qarşılıqlı etimadın daha da güclənməsinə xidmət edəcək", - deyə Arzuxan Əlizadə əlavə edib.
Əli Hüseynov
Bakı 



