Abşeron Gənclər Şəhərciyində yaşayan sakinlər üç gündür davam edən su və elektrik probleminə görə ciddi narahatlıq keçirirlər.
Sakinlər Bakıvaxtı.az-a bildiriblər ki, “JEK” tərəfindən nasosların güclü yağışlar səbəbindən sıradan çıxdığı deyilsə də, problemin aradan qaldırılması üçün heç bir real addım atılmır.
Şikayətçilərin sözlərinə görə, illərdir ayda on minlərlə manat kommunal ödəniş toplanmasına baxmayaraq, infrastrukturun təmirinə və yenilənməsinə diqqət yetirilmir:
“Üç gündür su üzünə həsrətik. Hər müraciət edəndə deyirlər ki, nasoslar sel suları ilə sıradan çıxıb. Əgər belədirsə, onları yeniləmək və ya yenisini almaq lazımdır. 10 min sakini susuz qoymaq məsuliyyətsizlikdir,” – sakinlər bildiriblər.
Onların sözlərinə görə, nasosxananın su altında qalması “Akkord” şirkətinin səhlənkar mühəndis işinin nəticəsi kimi qiymətləndirilir.
Sakinlər həmçinin elektrik enerjisinin də kəsildiyini qeyd ediblər:
“İşıq sayğacları zirzəmilərdə yerləşir, zirzəmilər isə su içindədir. Buna baxmayaraq, heç bir tədbir görülmür. Binalar çökərsə, böyük faciə yaşana bilər. “JEK” isə baş verənlərə ciddi yanaşmır,” – deyə sakinlər əlavə ediblər.
Onların sözlərinə görə, şəhərciyin ümumi vəziyyəti gündən-günə pisləşir, Mənzil İstismar Xidmətinin fəaliyyəti isə qənaətbəxş deyil:
“Bu şəhərcik taleyin ümidinə buraxılıb. Mənzil İstismar Xidməti obyektlər, idman zalları və çay evləri açmaqla məşğuldur. Real iş görülmür”, – sakinlər qeyd ediblər.
Aydın Baxış
Bakı 




