Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şirvan şəhəri, Elşad Əzimov küçəsində fərdi yaşayış evində yanğınla müşaiyət olunmayan partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli dördotaqlı mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində partlayışın baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində ev yararsız vəziyyətə düşüb, 1 nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
"Report"un Aran bürosunun məlumatına görə, xəsarət alan şəxs Şirvan şəhər sakini, 1979-cu il təvəllüdlü Mehrəliyeva Aynurə Zakir qızıdır. Hadisə o, mətbəxdə qaz plitəsini yandırarkən baş verib. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan A.Mehrəliyeva Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onun Bakıdakı xəstəxanalardan birinə təxliyə edilməsi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




