• Bakı 10° C

    9.15 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Bir tikə ilə başlayan təhlükə: Sağlamlıq əldən gedir

CƏMİYYƏT

09 Aprel 2026 | 12:35

Bir tikə ilə başlayan təhlükə: Sağlamlıq əldən gedir

Məlumdur ki, sağlam qidalanma bədənin ehtiyacı olan bütün qida maddələrini balanslı şəkildə təmin edərək, ümumi sağlamlığı və rifahı dəstəkləmək məqsədi daşıyır. Uzunmüddətli perspektivdə sağlam qidalanma vərdişlərinin təşviqi əhalinin xəstəlik riskini azaldır, immunitet sistemini gücləndirir və ümumi həyat keyfiyyətini yüksəldir.

Bəs görəsən, cəmiyyətdə sağlam qidalanma vərdişlərini formalaşdırmaq üçün hansı dövlət və ictimai layihələr həyata keçirilə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, bu gün istənilən marketə daxil olduqda əksər qida məhsullarının yüksək miqdarda şəkərdən, həddindən artıq emal olunmuş məhsullardan, duzlu və zərərli yağlardan hazırlandığını görə bilərik. Onun sözlərinə görə, son illərdə azad bazar iqtisadiyyatına verilən dəstəklər yalnız qida sektoruna aid deyil:

“Digər ölkələrdə və Azərbaycanda qida sektoruna verilən dəstəklər nəticəsində qida məhsullarının çeşidləri getdikcə artır. Təbii ki, istehlakçılar bu çeşidlərin hansının faydalı və zərərli olduğunu çox hallarda seçə bilmirlər. Bəziləri məhsulu markanın və görünüşün çəkiciliyinə görə alsa da, bəziləri qiymətə görə seçim edir”.

Müsahibimiz bildirib ki, əlçatan qidaların əksəriyyəti heç də sağlam qidalar hesab olunmur. Bəzi məhsullarda istifadə olunan kimyəvi qatqılar nəticəsində xüsusən də gənclərdə əksər məhsullara qarşı asılılıq yaranır. Bu məhsulların ucuz olması sağlam qidalanmanı yaddan çıxarır.

Məhsəti Hüseynova: Əlçatan qidaların əksəriyyəti heç də sağlam qidalar hesab olunmur

Mütəxəssisin dediyinə görə, sağlam olmayan qidalanma müxtəlif xəstəliklərə və problemlərə yol açır. Bu məsələdə xüsusən məktəbliləri diqqət mərkəzində saxlamaq lazımdır.

"Əgər bufetdə və ya məktəbə yaxın satış yerlərində satılan məhsullar doğru qidalar deyilsə, sadəcə maarifləndirmə işləri ilə sağlam qida məsələsini həll etmək olmaz. Yəni, proses düzgün qurulmalıdır. Məktəblinin aldığı qidalar orqanizmə faydalı olmalıdır. Çünki uşaqlar ən azından 20 yaşa qədər inkişaf mərhələsində olurlar və sağlam qidalardan istifadə etməlidirlər. Qida sənayesi dövlət səviyyəsində nəzarətdə olmalıdır. Sağlam olmayan məhsulların tərkibi daha şəffaf şəkildə göstərilməlidir və məhdudiyyətlər tətbiq olunmalıdır", - deyə müsahibimiz əlavə edib.

M.Hüseynovanın fikrincə, sağlam qidaların reklamlara cəlb olunması əsas amillərdən biridir. Çünki əksər hallarda sağlam qidalar reklam olunmur. Reklamlarda əsasən qazlı və rəngli, enerji içkilərinə, müxtəlif cipsilərə, qeyri-sağlam qidalara rast gəlinir:

"Dövlət qurumları və qeyri-hökumət təşkilatları kompleks şəkildə sağlam qidanın faydaları istiqamətində işlər görməlidir".

Gülşən Şərif


SON XƏBƏRLƏR