Rumıniyanın ətraf mühit, su ehtiyatları və meşələr naziri Diana Buzoyanu dövlət hesabına lüks əşyaların alınması faktları aşkarlandıqdan sonra Milli Meteorologiya Administrasiyası (MMA) rəhbərliyinin istefasını tələb edib.
Bakıvaxtı.az "Rumıniya Radiosu"na istinadən xəbər verir ki, bu barədə nazir "Facebook"da yayımlanan video müraciətində bildirib.
D.Buzoyanunun sözlərinə görə, yoxlama zamanı meteorologiya xidmətinin korporativ bank kartları ilə ödənilmiş çoxsaylı alış-verişlər aşkar edilib. Onların arasında bahalı alt paltarları, donlar, çantalar, pijamalar, kosmetika, parfümeriya, hündürdaban ayaqqabılar və lüks brendlərin geyimləri var.
"Alt paltarları, donlar, çantalar, pijamalar, kosmetika, ətirli şamlar, hündürdaban ayaqqabılar və hər birinin dəyəri minlərlə ley olan dekorativ gül dibçəklərinin alındığı aşkar edilib", - nazir deyib.
Onun məlumatına görə, son iki il ərzində bu cür alış-verişlərə yüz minlərlə ley xərclənib. Yalnız 2025-ci ildə parfümeriya üçün 120 min ley (22 min avrodan çox), geyimə isə 85 min ley (təxminən 16 min avro) sərf edilib.
Buzoyanu aydınlaşdırıb ki, yoxlama nazirliyə bir neçə müraciət daxil olduqdan sonra başladılıb. Onun nəticələri Baş Prokurorluğa göndəriləcək.
"Mən dövlət vəsaitlərinin belə məsxərəyə qoyulmasına yol verən MMA rəhbərliyinin istefasını açıq şəkildə tələb edirəm", - nazir vurğulayıb.
O həmçinin qanunsuz xərclənmiş vəsaitlərin qaytarılmasını və təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb edib.
















