q
  • Bakı 17° C

    10.79 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

"Binokllu turistlər" sülh gətirməyəcək - Partiya sədrindən SƏRT MÖVQE

SİYASƏT

16 May 2026 | 14:15

Binokllu turistlər sülh gətirməyəcək - Partiya sədrindən SƏRT MÖVQE

“Avropa İttifaqının “mülki missiyası” Azərbaycan üçün hansısa təhdid yarada bilərmi? Mümkün deyil”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında ReAL Partiyasının sədri Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, Avropa İttifaqı qoruya bilsəydi, elə Ukraynanı müdafiə edərdi: 

“4 ildir ki, Avropanın sərhədlərində Rusiya ilə Ukrayna arasında müharibə gedir. Heç nə edə bilmirlər, ciddi şəkildə Kiyevi qoruya bilmirlər. Rusiya isə addım-addım işğalçı siyasətini davam etdirir. Yaxşı o zaman, Aİ missiyasının mənası nədir?! Əgər Ermənistan hansısa müstəvidə Brüssel və Moskvanın rəqabət meydanına çevrilibsə, qoy çevrilsin. Tərəflər bir-birini daha da zəiflətsin, gücdən salsın, Ermənistan daxilində də ziddiyyətlər artsın. Bunun bizə nə ziyanı var?" Müsahibimiz xatırladıb ki, Prezident İlham Əliyev Zəngilanda haqlı vurğulayıb ki, Aİ missiyasının bizə hansısa təhdidi, təsiri olacaqsa, qarşısı dərhal alınacaq. Dediyinə görə, doğru strategiya da budur:
"Bizə təhdid yaranarsa, atılmalı olan addım bəllidir. Amma gəlin, xatırlayaq, 2020-ci ildən, yəni 44 günlük müharibədən sonra həmin sərhəd bölgələrinə kimlər gəlib yerləşmişdi? Rusiya hərbçiləri yerləşmişdi. Məgər bizə rus hərbçilərinin orada olması sərfəlidir, yoxsa əlində binoklla gəzən avropalı “turistlər”mi? Hər halda Rusiyanın bölgəmizdə təxribat törətmək ehtimalı daha ciddidir, nəinki avropalıların".
N.Cəfərliyə görə,  Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətlər artıq elə səviyyədədir ki, burada hansısa kənar missiyaya yer yoxdur. Belə missiyalar sülhə töhfə vermir və verə də bilməz:
"Heç bir missiya bundan sonra Ermənistanı qoruya, təhlükəsizliyini təmin edə də bilməz”.

 Natiq Cəfərli: Aİ qoruya bilsəydi, elə Ukraynanı müdafiə edərdi

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Avropa deyəndə oradakı bütün dövlətləri eyniləşdirməməliyik: 

“Bütün Avropa dövlətlərinə eyni gözlə baxmamalıyıq. Məgər İtaliya, İspaniya, Serbiya, Macarıstan, Polşa, Almaniya, Avstriya Avropa deyilmi? Bu ölkələrin hamısı ilə çox gözəl münasibətlərimiz var, qitənin 10 ölkəsi ilə strateji tərəfdaşlıq qurulub. Ona görə də məsələləri bir-birindən ayırmaq lazımdır. Avropa yekcins deyil. Qitədə fərqli qüvvələr var. Azərbaycan doğru strategiya ilə müxtəlif ölkələr müxtəlif səviyyəli əlaqələr qurur və bunun da faydalarını görür. Avropa ölkələri Azərbaycanın nə qədər dəyərli enerji tərəfdaşı olmasını ard-arda səsləndirirlər" 
Fransaya gəlincə, Natiq Cəfərli bildirib ki, bu ölkədə 3 milyona yaxın türk yaşayır. Ermənilərin sayı isə 500 mindir: "Amma buna rəğmən, 11 şəhərin meri ermənidir. Ən az olduqları şəhərin - Strasburqun meri də ermənidir. Niyə? Çünki ermənilər siyasətlə məşğul olurlar. Biz niyə məşğul olmuruq? Axı biz də nəsə etməliyik”.
Aydın Baxış


SON XƏBƏRLƏR

15 May 2026