Quba rayonunun Quba-Nügədi yolunda yol-nəqliyyat hadisəsi baş verib, vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpıldığı və sürücünün deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı qalan sürücünü - 2002-ci il təvəllüdlü Mətləb Bəxtiyar oğlu Qədirovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bakı 



