Bəzən koronavirusa yoluxan şəxs test vermir, virusa yoluxduğunu hər kəsdən gizlədir. Nəticədə, həkimə getmir, evə həkim çağırmır, dost-tanışın “məsləhəti” ilə özfəaliyyət müalicəyə üstünlük verir. Amma çox vaxt yanlış müalicələr ciddi fəsadlara yol açır.
Tibb üzrə elmlər doktoru Adil Qeybulla Bakıvaxtı.az-a bildirib ki, ümumiyyətlə, istənilən bir müalicə həkimin təyinatı olmadan aparıla bilməz: “Buna diqqət etmək lazımdır. Çünki dünyanın heç bir yerində insanlar gedib sərbəst şəkildə aptekdən dərman alıb istifadə edə bilməz. Bunlar hamısı resept əsasında buraxılır”.
A.Qeybulla vurğulayıb ki, həm İcbari Tibbi Sığorta paketi çərçivəsində, həm də ümumiyyətlə, xəstənin özbaşına müalicə tərtib etmək ixtiyarı yoxdur: “Hazırda əllərdə müxtəlif reseptlər gəzir. Orada çoxsaylı antibiotiklər, dərmanlar var ki, virusa heç bir təsiri yoxdur. İnsanlar boş-boşuna həmin dərmanları orqanizminə yeridirlər. nu, qətiyyən məqsədəuyğun deyil”.
Onun sözlərinə görə, bu səbəbdən də həkimsiz müalicə düzgün deyil: “Hətta ev şəraitində müalicə alan şəxslər də həkim çağırmalı, təyinat almalı və o təyinat əsasında müalicə qəbul etməlidirlər. Bu müəlicəyə məsul şəxs də həkim olmalıdır”.
Aytac Aslan
















