“SOCAR benzinin qiymətini artırmaqla Prezidentin imzaladığı Dövlət Proqramına qarşı çıxır. Məncə, SOCAR birbaşa Prezident İlham Əliyev tərəfindən imzalanan Yol hərəkəti təhlükəsizliyinə dair (2019-2023-cü illər üzrə) Dövlət Proqramına qarşı çıxır. Diqqət eləmişəm, həmin proqram imzalanmazdan əvvəl Azərbaycanda benzinin qiyməti 2-3 ildən bir bahalaşardı. Həmin proqram imzalanandan sonra isə ildə 3-4 dəfə qiymət artır”.
Bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib.
Ekspert bildirib ki, benzinin qiymət artımı ölkəyə yeni avtomobil gətirilməsinin qarşısını alıb insanları köhnə maşınların ümidinə qoyacaq. Bu isə qəzalarda ölüm sayını artıracaq və ətraf mühitin daha çox çirklənməsinə səbəb olacaq.
Məsələ ilə bağlı SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov Bakıvaxtı.az-a bildirib ki, yanacağın qiymətinin müəyyən edilməsi SOCAR-ın ixtiyarında deyil: “Aİ-92 və dizel yanacağın qiymətini Tarif Şurası müəyyən edir. Premium və Super markalı benzinlər isə xaricdəki satış qiymətindən asılıdır. Bildiyim qədər, SOCAR Premium benzinin yeganə idxalçısı da deyil və başqa şirkətlər bu yanacağı xaricdən daha ucuz qiymətə ala bilsələr, satmaqda sərbəstdirlər. Bir sözlə, bu yanacaq növlərinin qiymətini bazar müəyyən edir”.
İ.Əhmədov bildirib ki, ötən il üzrə ölkədə ümumi yanacaq istehlakının 98%-i ölkədə istehsal olunan Ai-92 və dizel yanacağının üzərinə düşüb: “İdxal olunan Premium və Super markalı benzinlər isə istehlakın təxminən 2%-ni təşkil edib.
Bu yanacaq növləri daha çox nisbətən bahalı avtonəqliyyat seqmentində istifadə olunur. Elektromobillər eyni seqmentə aiddir.
Premium və ya Super markalı benzini ilə işləyən avtomaşınlar hər halda Ai-92 ilə işləyə bilməz, çünki hər bir avtomaşının mühərrikinə uyğun yanacaq növü müəyyənləşdirilir.
Orta və yüksək qiymət seqmentinə aid olan maşınların yerli yanacaqla əvəzlənməsindən daha çox bəlkə də elektromobillərlə əvəzlənməsinə ehtimal vermək olar, çünki elektromobillər də təxminən eyni qiymət seqmentinə aiddir.
Lakin bütün hallarda qiymət dəyişikliyində emissiyanın azaldılması ya artırılması kimi məqsəd qoyula bilməz, çünki sırf satıcının iradəsindən olmayan bir məsələdir. Dediyim kimi, qiyməti bazar müəyyən edir və hər kim daha ucuz qiymətə gətirib sata bilərsə, bunu etməkdə sərbəstdir”.
















