Böyük Britaniyanın Baş naziri Kir Starmerin ətrafında istefa qalmaqalı böyüyür. Belə ki, İngiltərə mətbuatının rəhbər şəxsin postundan gedəcəyi ilə bağlı yaydığı iddialara hökumətdən dərhal reaksiya gəlib.
Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq ölkənin nüfuzlu “Daily Mail” qəzeti öz etibarlı mənbələrinə istinadən Baş nazirin yaxın dostlarına istefa vermək niyyətində olduğunu dediyini yazıb.
Nəşrə danışan Nazirlər Kabinetinin üzvlərindən biri rəhbərin gedişinin an məsələsi olduğuna işarə edib:
“Kir siyasi reallığı çox gözəl anlayır... O, sadəcə bu postu ləyaqətlə və öz seçdiyi şəkildə tərk etmək istəyir. Doğru vaxtı Starmer özü açıqlayacaq”.
Hökumətdəki digər bir mənbə isə bu bəyanatın dəqiq hansı tarixdə səsləndiriləcəyinin hələlik qeyri-müəyyən qaldığını bildirib.
Mətbuatın sözügedən iddialarından dərhal sonra Birləşmiş Krallığın rəqəmsal texnologiyalar, mədəniyyət, media və idman naziri Liza Nendi “Sky News” telekanalına müsahibə verərək mövzuya nöqtə qoymağa çalışıb.
Jurnalistin “Starmer yay fəslinə qədər baş nazirin ofisini tərk edəcəkmi?” sualına nazir kəskin şəkildə qarşı çıxıb:
“Xeyr, mən yaxın aylarda belə bir istefa gözləmirəm”.
Nendi son bir həftədə hökumət rəhbəri ilə bir neçə dəfə təmasda olduğunu vurğulayıb. Onun sözlərinə görə, Starmer çərşənbə axşamı keçirilən iclasda nazirlərə açıq ismarış yollayıb:
“Əgər kabinetdə kimsə mənə meydan oxumaq istəyirsə, bunun üçün rəsmi partiya prosedurları mövcuddur, buyurub istifadə edə bilərlər”.
Qeyd edək ki, hazırda baş nazirə qarşı açıq mübarizə aparacağını elan edən yeganə şəxs ölkənin keçmiş səhiyyə naziri Ues Stritinqdir. Lakin London kulislərindəki gərginliyə rəğmən, Starmerin rəsmən devrilməsi üçün hələlik heç bir hüquqi prosedur başlanılmayıb./Qafqazinfo
Bakı 




