Xalq artisti Firəngiz Mütəllimova Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Bakıvaxtı.az həmin müsahibəni təqdim edir:
– Firəngiz xanım, ömrünüzün 66-cı ilinə qədəm qoyursunuz. Doğum gününüzü qeyd edirsinizmi? Bu yaş sizin üçün daha çox hesabat, yoxsa yeni başlanğıclar nöqtəsidir?
– Bu dəfə doğum günümü qeyd etmirəm. Əsas odur ki, sevənlərim zəng edir. Dünən axşamdan telefonlarım susmur. Gələn həftə ailə üzvlərimizlə birlikdə qeyd edəcəyik. Düşünürəm ki, bu yaş mənim üçün daha çox hesabat dövrüdür.
– Şuşaya köçməyi planlaşdırırsınızmı?
– Yayda Şuşaya gedəcəyəm. Hazırda orada genişmiqyaslı abadlıq işləri aparılır. Şuşada yaşayan rəfiqələrim var, mənə videolar göndərirlər. Hələlik köç prosesi başlamayıb. Düşünürəm ki, ilin sonuna doğru bu proses həyata keçirilə bilər. Mən də Şuşaya köçməyi planlaşdırıram.
– Ad gününüzdə yaşadığınız hissləri necə ifadə edərdiniz?
– Hər zamankı kimidir. Deyim ki, qeyri-adi bir hadisə baş verir – yox. Sadəcə zənglər gələndə xoş olur.
– Bir xanım olaraq yaş artdıqca zamanın təsirini necə dəyərləndirirsiniz? Yaş kompleksiniz varmı?
– Açığını deyim ki, məndə yaş kompleksi yoxdur. Sadəcə istəyirəm ki, sağlam və bərəkətli bir ömür yaşayım.
– Bütün arzularınıza çatmısınız?
– Xeyr, bütün arzularıma çatdığımı deyə bilmərəm. Ən böyük arzularımdan biri artıq gerçəkləşdi – Şuşanın işğaldan azad edildiyi gün o böyük xoşbəxtliyi yaşadım. Qarabağımızın, Şuşamızın azadlığı mənim üçün ən unudulmaz anlardan biridir. Arzum odur ki, sülh daimi olsun, müharibələr bitsin, dünyada əmin-amanlıq hökm sürsün. Açıq mavi səma, insanların heç nədən qorxmadığı bir dünya istəyirəm.
– Sənətinizlə bağlı bir çox uğurlara nail olmusunuz. Bir qadın kimi özünüzü xoşbəxt hesab edirsinizmi?
– Əgər ailəm yanımdadırsa və bu qədər sevənim varsa, deməli, xoşbəxtəm. İnsan hər şeyi pulla ala bilər, amma bu qədər insanın məhəbbətini pulla almaq mümkün deyil. Bu, Allahın bir lütfüdür. Ona görə də çalışıram ki, özümü hər zaman xoşbəxt hiss edim.
Qadın kimi xoşbəxtəm. Evimin işıqlarını özüm yandırıb söndürə bilirəmsə, dualarımı edirəmsə, özümə və qohum-əqrəbama yemək bişirirəmsə, balalarımdan gələn xoş xəbərlərlə sevinirəmsə, həmin an özümü xoşbəxt hiss edirəm. Ən əsası da budur.
– Ömrünüzün hansı illərinə qayıtmaq istərdiniz?
– Yalnız uşaqlıq illərimə – anamın, atamın və qardaşımın sağ olduğu dövrlərə qayıtmaq istərdim. Sevdiyim qonşularımın hamısı sağ-salamat idi. O illərə dönüb onların səslərini yenidən eşitmək istərdim.
– Bəs, hansı illəri xatırlamaq istəmirsiniz?
– Şuşanın işğal edildiyi gün... Qohum-əqrəbanın çəkdiyi əziyyətlər, yaşadığımız o ağır illər... O günlərə qayıtmaq, o xəbəri yenidən eşitmək istəməzdim. O vaxt Türkiyədə qastrol səfərində idim. Nələr yaşadığımı bir Allah bilir.
– Mərhum Xalq artisti Yaşar Nurinin bu gün sizi təbrik etməsini istərdinizmi?
– Yaşar Nuri və Telman Adıgözəlovun sağ olmasını istəyərdim. Amma onlar mənim üçün indi də yaşayırlar. Səsləri hələ də qulağımdadır. 50 illik yubileyimdə hər ikisi aparıcılıq edirdi...
Bakı 




