"BMT tədricən öz əhəmiyyətini itirir və yavaş-yavaş ölür".
Bakıvaxtı.az-ın "Financial Times" nəşrinə istinadən xəbərinə görə, dünya təşkilatının növbəti baş katibi vəzifəsinə namizədlərdən biri olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi belə bir fikir ifadə edib.
"Mən BMT-nin birbaşa ölüm təhlükəsi altında olduğunu görmürəm. Mən bunu daha çox yavaş ölüm adlandırardım. Son böhranların və ya dövlətlərarası müharibələrin həllinə əhəmiyyətli töhfə verməməklə, BMT tədricən öz əhəmiyyətini itirir", - deyə o qeyd edib.
Rafael Qrossi, həmçinin təşkilatın sosial proqramlar və iqlim dəyişikliyi kimi digər istiqamətlərdəki fəaliyyətinin "acı nəticələri" ilə bağlı "məyusluq hissi"ni də xatırladıb.
Qeyd edək ki, baş katib postuna yeddi nəfər namizəddir. Bunlar Qrossi (Argentina), Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan (Kosta-Rika), Çilinin keçmiş prezidenti və 2018-ci ildən 2022-ci ilə qədər BMT-nin İnsan Hüquqları üzrə keçmiş Ali Komissarı Mişel Baçelet, Seneqalın keçmiş prezidenti Maki Sal, Ekvadorun keçmiş xarici işlər naziri və keçmiş müdafiə naziri Mariya Fernanda Espinosa Qarses, Qayananın BMT-dəki daimi nümayəndəsi Karolin Rodriges-Birkett və Uqandanın BMT-dəki keçmiş daimi nümayəndəsi Olara Otunnudur.
2017-ci ildən bəri baş katib vəzifəsini icra edən Antonio Quterreşin səlahiyyət müddəti isə 31 dekabr 2026-cı ildə başa çatır.
Bakı 



