Hazırda Yaxın Şərqdə əsas diqqət ABŞ–İran qarşıdurmasında yaranmış müvəqqəti sakitliyə yönəlib. ABŞ iki həftəyə yaxın davam edən və ardıcıl 13 gecəni əhatə edən zərbələrə fasilə verdikdən sonra Tehran da regiondakı Amerika obyektlərinə qarşı cavab hücumlarını dayandırıb.
Lakin bu vəziyyət hələ atəşkəs və ya siyasi razılaşma demək deyil. ABŞ-nin İrana qarşı dəniz blokadasını qüvvədə saxlaması, İranın isə öz hərbi imkanlarını qorumağa çalışması tərəflərin yalnız əməliyyat tempini azaltdığını göstərir. Hazırkı fasilə yeni danışıqlara imkan yaratsa da, kiçik bir insident belə qarşılıqlı raket və pilotsuz uçuş aparatı hücumlarını yenidən başlada bilər.
İran məsələsi artıq təkcə Tehranla Vaşinqton arasındakı qarşıdurma deyil, Livan, Yəmən, İraq, Suriya və Körfəz ölkələrini əhatə edən regional təhlükəsizlik böhranıdır. Tehran ABŞ-la mümkün sülh razılaşmasını İsrailin Livana hücumlarının dayandırılması ilə əlaqələndirməyə çalışır. Bu yanaşma göstərir ki, İran danışıqlarda yalnız özünün nüvə və hərbi obyektlərini deyil, “müqavimət oxu” adlandırılan regional tərəfdaşlarını da qorumaq istəyir. ABŞ və İsrail isə danışıqların İranın regional təsirinin, xüsusilə “Hizbullah”ın imkanlarının məhdudlaşdırılması ilə nəticələnməsində maraqlıdır. Buna görə də mümkün ABŞ–İran razılaşmasının taleyi faktiki olaraq Livanın cənubundakı vəziyyətdən və İsrailin hərbi mövqeyindən də asılı olacaq.
Livan istiqamətində ən mühüm məsələ İsrail qüvvələrinin geri çəkilməsi və sərhəd bölgələrinin Livan ordusuna təhvil verilməsidir. ABŞ vasitəçiliyi ilə İsrail və Livan arasında ilkin çərçivə sənədi imzalansa və danışıqlar davam etdirilsə də, “Hizbullah”ın tərksilahı son dərəcə mürəkkəb məsələ olaraq qalır. Vaşinqtonun planlarından biri cənub ərazilərinə mərhələli şəkildə xüsusi hazırlıq keçmiş Livan hərbi birliklərinin yerləşdirilməsidir. Ancaq “Hizbullah”ın həm silahlı təşkilat, həm siyasi qüvvə, həm də sosial şəbəkə kimi Livan cəmiyyətinə daxil olması onun yalnız hərbi təzyiqlə sıradan çıxarılmasını mümkünsüz edir. Bu səbəbdən Livandakı proses uğur qazansa belə, uzunmüddətli institusional və siyasi transformasiya tələb edəcək.
Suriyada isə Prezident Əhməd əş-Şaraa ölkəsinin İsraillə təhlükəsizlik sazişi əldə etməyə çalışdığını açıqlayıb. Dəməşq bu sənədi gələcəkdə daha geniş sülh prosesinin başlanğıcı kimi təqdim etsə də, Qolan yüksəkliklərinə dair iddiasından imtina etmədiyini bildirir. İsrailin Suriyanın cənubunda və Hermon dağı ətrafında hərbi mövcudluğunu genişləndirməsi, eyni zamanda müxtəlif bölgələrə zərbələr endirməsi razılaşmanın qarşısındakı əsas maneədir. Bununla belə, yeni Suriya rəhbərliyinin İran və “Hizbullah”dan məsafə saxlaması İsrail, ABŞ və ərəb ölkələri ilə münasibətlər üçün əvvəlki dövrlə müqayisədə fərqli siyasi imkan yaradır. Suriya–İsrail təhlükəsizlik sazişi əldə olunarsa, bu, Yaxın Şərqdə qüvvələr nisbətini İranın əleyhinə dəyişdirən mühüm hadisələrdən birinə çevrilə bilər.
Yəməndə husilərin Səudiyyə Ərəbistanına məxsus gəmilərin Bab əl-Məndəb boğazından keçməsinə mane olmaq və Səudiyyənin Qırmızı dəniz sahilindəki neft obyektlərini hədəfə almaq cəhdi böhranın iqtisadi ölçüsünü dərinləşdirir. Bab əl-Məndəb dünya ticarəti, konteyner daşımaları və enerji ixracı üçün strateji keçiddir. Bu marşrutda davamlı təhlükə yaranarsa, gəmilər Afrikanın cənubundan keçməyə məcbur olacaq, daşınma müddəti və sığorta xərcləri artacaq. Husilərin addımı həm də göstərir ki, ABŞ–İran cəbhəsində müvəqqəti fasilə yaransa belə, Tehranla əlaqəli silahlı qrupların hərəkətləri avtomatik dayanmır. Beləliklə, Qırmızı dəniz və Hörmüz boğazı ətrafındakı paralel gərginlik qlobal enerji bazarını Yaxın Şərqdəki hərbi qərarlardan daha da asılı vəziyyətə gətirir.
Qəzza məsələsi isə bütün bu geosiyasi proseslərin humanitar və siyasi mərkəzi olaraq qalır. İsrail hökumətinin Qəzzaya beynəlxalq sabitləşdirmə qüvvəsinin yerləşdirilməsinə prinsipial razılıq verməsi müharibədən sonrakı idarəetmə modelinin müzakirəyə çıxarıldığını göstərir. Lakin belə qüvvənin mandatı, tərkibi, HƏMAS-ın gələcək statusu, İsrail ordusunun çıxması və Qəzzanın kim tərəfindən idarə olunması hələ müəyyənləşməyib. Ümumilikdə, hazırki mənzərə Yaxın Şərqin genişmiqyaslı eskalasiyadan ehtiyatlı diplomatik mərhələyə keçməyə çalışdığını göstərir. Bununla belə, İran, Livan, Suriya, Yəmən və Qəzza böhranları bir-biri ilə sıx bağlandığından, yalnız bir istiqamətdə əldə edilən razılaşma regional sülh üçün kifayət etməyəcək; davamlı sabitlik paralel və qarşılıqlı təminatlara əsaslanan geniş təhlükəsizlik mexanizmi tələb edir.
Alim Nəsirov
Bakı 


