• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Omikron”a qarşı necə mübarizə aparaq?

CƏMİYYƏT

11 Yanvar 2022 | 19:26 | Müəllif: Qalib İbrahimoğlu

“Omikron”a qarşı necə mübarizə aparaq?

Koronavirusn “Omikron” ştamı artıq Azərbaycanda da aşkarlanıb. Əhali, yeni ştama yoluxma sayında artım olacağından narahatdır. “Omikron”a yoluxmanın qarşısını necə almaq olar? Müalicəsi üçün nə lazımdır?

Karantin xəstəxanasının baş direktoru Emin Hüseyn Bakıvaxtı.az-a bildirib ki, həmişə koronavirusun yeni ştamları çıxdıqca insanlar arasında müxtəlif şaiyələr, elmi əsası olmayan söhbətlər yayılır: “İstənilən virusun, hətta bizə yaxşı məlum olan qrip virusunun çox sayda ştamları var. Hətta koronavirus pandemiyasına qədər qrip infeksiyası çox müxtəlif formada, bəzən yüngül, bəzən də ağır keçirdi. Bəzən əlamətlər də bir-birindən fərqlənirdi. Səbəbi qrip virusunun müxtəlif ştamlarına yoluxmağımızdır. Sadəcə o zaman bu məsələ bu qədər populyar deyildi, insanlar səbəbləri ilə maraqlanmırdı, kütləvi informasiya vasitələrində indiki kimi işıqlandırılmırdı. Qısaca desək, məsələnin kökünə varmırdıq”.

Onun sözlərinə görə, indi pandemiya halını aldığı üçün yeni ştamlar haqqında məlumat verildikcə insanlarda suallar yaranır, elmi əsası olmayan fərziyyələr irəli sürülür: “Bu, normal bir prosesdir. Yəni məməlilərdən tutumuş ən xırda bakteriyalara qədər istənilən bir canlı orqanizm təkamül nəticəsində dəyişikliyə uğrayır. “Omikron” da koronovirusun təkamül nəticəsində uğradığı bir dəyişiklikdir. İnsanlara təkamül üçün min, on min illər lazımdırsa, virusa 1-5 ay bəs edir. Çünki nisbətdə götürəndə virus üçün olan müddətlə insanlar üçün olan müddət arasında analogiya aparmaq olar”.

Emin Hüseyn

Baş direktor deyib ki, “omikron” keçən il noyabrın sonlarında Cənubi Afrika Respublikasında aşkar olunub: “Və məlum oldu ki, bu ştam noyabrın əvvəllərində yaranıb. O zaman Cənubi Afrika Respublikasında yoluxma sayı sürətlə artmağa başladı. Araşdırmalar nəticəsində məlum oldu ki, “omikron”un özündən əvvəlki ştamlardan, xüsusən də, “delta”dan birinci fərqi yoluxdurucu qabiliyyətinin yüksək olmasıdır. Yəni, bir insanın “delta” ştamında beş nəfəri yoluxdurma gücü var idisə, “omikron”da on-on beş nəfərə qədər insanı yoluxdura bilər. Rəqəmlər, sözsüz ki, şərtidir. Bu, pis tərəfidir. Ancaq müsbət mənada fərqli tərəfi odur ki, “omikron”a yoluxan insanlar koronavirusu daha yüngül keçirirlər. Simptomatikası daha zəif gedir. Təbii ki, ağırlaşma halları da daha az olur. Amma bu, “omikron”un təhlükəliliyini azaltmır. Yoluxmada mütləq rəqəm çox olduğuna görə, sözsüz ki, onun içindən faiz az olsa da, ağırlaşan insanların sayı çoxalır. Əfsuslar olsun ki, həyatını itirənlərin də sayı çox ola bilər”.

Həkim Azərbaycanda hər bir insanı özünü qorumağa, dəfələrlə deyilmiş qorunma vasitələrindən istifadə etməyə çağırır: “Allah eləməsin, əgər yoluxma varsa və ya kimdəsə o əlamətlər baş qaldırıbsa, dərhal müayinə olunmağı, yaxma verməyi məsləhət görürəm. Bəli, ən yaxşısı bu xəstəlikdən qorunmaqdır” deyən müsahibimizin sözlərinə görə, amma, əfsuslar olsun ki, hərdən maksimum buna səy göstərsək də, yoluxma halları baş verir.

“İkinci edə biləcəyimiz şey odur ki, bir həftə, on gün sonra ağırlaşmış halda xəstəxanaya müraciət etməmək üçün yoluxma halı, soyuqdəyməyə bənzər əlamətlər baş verdikdə “mən COVID olmaram”, “məndə koronavirus ola bilməz” kimi fikirlərlə başımızın altına yastıq qoymayaq. Bu xəstəliyə yoluxma halı olur, lakin yoxluxmanın ilk 3-4 günü ərzində başlanılan müalicənin effektivliyi, ağırlaşdıqdan sonra başlanılan müalicədən daha çoxdur. Yəni, ilk 3-4 gün ərzində aşkarlayıb müalicəsinə başlamaq lazımdır. Əgər aşkarlanmır, yaxmanın cavabı neqativ çıxırsa, əlamətlər iki-üç gün sonra sönürsə, deməli, koronavirus deyil. Mən insanlarımıza özünü qorumaq üçün daha pis variantı düşünüb onun qarşısını almağa görə tez yoxlanmalırını tövsiyə edirəm”, - deyə Emin Hüseyn bildirib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026