• Bakı 28° C

    9.68 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

50 milyon insanın həyatını qaraldan HADİSƏ - səbəbi hamını təəccübləndirir

DÜNYA

02 Avqust 2026 | 09:19

50 milyon insanın həyatını qaraldan HADİSƏ - səbəbi hamını təəccübləndirir

2003-cü ildə ABŞ və Kanadada təxminən 50 milyon insanı işıqsız qoyan tarixdəki ən böyük elektrik kəsintilərindən birinin səbəbi müəyyənləşib. Araşdırmalar göstərib ki, qəzanın başlanmasına yüksək gərginlikli elektrik xəttinin “cənnət ağacı” (Ailanthus altissima) adlanan invaziv ağac növü ilə təması səbəb olub.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, ABŞ-Kanada Elektrik Sistemi üzrə Araşdırma Qrupunun yekun hesabatına əsasən, hadisə 2003-cü ildə Ohayo ştatının şimalında yerləşən 345 kilovoltluq ötürmə xəttinin ağacla təmas etməsi nəticəsində sıradan çıxması ilə başlayıb.

Daha sonra digər iki yüksək gərginlikli xətt də həddindən artıq böyümüş bitki örtüyünə toxunduğuna görə fəaliyyətini dayandırıb. Nəticədə elektrik yükü digər xətlərə yönəlib və qısa müddətdə genişmiqyaslı enerji sistemi çöküşü baş verib. Bəzi bölgələrə elektrik bir neçə saat ərzində bərpa olunsa da, bəzi ərazilərdə kəsinti dörd günə qədər davam edib.

Araşdırmalara görə, elektrik xətlərinə toxunan bitki Ailanthus altissima və ya “cənnət ağacı” adlanan invaziv növdür. Mənşəyi Çinə gedib çıxan bu ağac vaxtilə ABŞ-yə dekorativ bitki kimi gətirilsə də, sonradan sürətlə yayılıb.

Mütəxəssislər bildirirlər ki, küləklə yayılan toxumları və uzaq məsafələrə uzanan kök sistemi sayəsində bu ağac dəmir yolları, avtomobil yolları və elektrik ötürücü xətlər boyunca sürətlə çoxalır. Kəsildikdən sonra isə köklərindən yenidən sıx pöhrələr verdiyi üçün nəzarətdə saxlanılması çətinləşir.

Hesabatda qeyd olunur ki, hadisə yalnız ağacın xəttə toxunması ilə məhdudlaşmayıb. Elektrik yükünün digər xətlərə yönəlməsi onların normadan artıq yüklənməsinə səbəb olub.

Eyni vaxtda enerji şirkəti FirstEnergy-nin siqnalizasiya proqramında yaranan nasazlıq səbəbindən operatorlar vəziyyəti vaxtında qiymətləndirə bilməyiblər. Nəticədə elektrik stansiyaları və ötürmə xətləri avtomatik qorunma sistemləri vasitəsilə ardıcıl şəkildə şəbəkədən ayrılıb və genişmiqyaslı enerji böhranı baş verib.

Araşdırma qrupunun hazırladığı 46 tövsiyə əsasında ABŞ Konqresi 2005-ci ildə Enerji Siyasəti Aktını qəbul edib. Bununla da əvvəllər könüllü xarakter daşıyan elektrik şəbəkəsinin etibarlılığı standartları məcburi hala gətirilib.

Yeni qaydalara əsasən, enerji şirkətləri yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə bitki örtüyünü mütəmadi yoxlamaq, təhlükəsizlik məsafəsini qorumaq və vaxtında budama işləri aparmaq öhdəliyi daşıyırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Avqust 2026