3 il əvvəl Şamaxı rayonunda zəlzələdən zərər çəkmiş 4 ədəd fərdi yaşayış evi bərpa ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu evlərin bərpası ilə bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti tender elan edib.
Tenderdə qalib gələn “ASES İNŞAAT” MMC-yə 99 min 968 manat ödənəcək.
Qeyd edək ki, 2019-cu ilin fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Əsasən dağıntılar Şamaxı rayonunda qeydə alınıb. Fevralın 6-da yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Daha bir yeraltı təkan yerli vaxtla saat 04:25-də qeydə alınıb. Hadisə nəticəsində evlərə zərər dəyib, sakinlər xəsarət alıblar.
Ramid İbrahimov
















